Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın son şərhləri ölkə KİV-də geniş müzakirə olunmağa başlayıb.
KONKRET.azxəbər verir ki, bu şərhlərdə xüsusi olaraq vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının sessiyasında Laçın dəhlizinin açılması ilə bağlı müzakirələrin nəticəsiz qalması gözlənilən idi. “Çünki Qarabağ Azərbaycanın tərkib hissəsi olduğuna görə, hansısa beynəlxalq təşkilat başqa ölkənin daxili işinə qarşışacaq müdaxilə qərarı verə bilməzdi. Hansısa qərar uzağı tövsiyə xarakteri ala bilərdi. Heç bu da olmadı. Sanki dünya birliyi Paşinyana dedi ki, Ağdamdan gedib-gələ bilərsən. Get alverini orda elə”.
Keçmiş baş nazir Qarabağ ermənilərinə də müraciət edib: “BMT-yə yalvarmaqdansa, Paşinyanın yaxasından yapışın. Çünki Qarabağı Azərbaycanın tərkib hissəsi kimi o tanıyıb”.
Qrant Baqratyan şərhində daha sonra bildirib: “Avqustun 17-də Paşinyan təyyarə ilə Qafana gəlib və bildirib ki, tezliklə İrəvan-Qafan reysləri olacaq. O Qafana ki, neytral ərazidə yerləşir. 2020-ci il dekabrın 18-də Vaqarşak Arutyunyanla Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri arasında imzalanan protokolu xatırlayın. Paşinyanın tapşırığı ilə Arutyunyanın imzaladığı protokola əsasən, Qafan hava limanının yanında Azərbaycan postu yerləşdirilib. Aerportdan hardasa 10-15 metr aralı. Yəni hava limanının hasarından 15 metr aralıda Azərbaycan dövləti başlayır. Yaxşı, Azərbaycanla sərhəd varsa, deməli, o iki sərhəd arasında beynəlxalq delimitasiya və demarkasiya qaydalarına görə neytral zona olmalıdır. Məsələni necə araşdırsaq da, aeroport həmin neytral zonaya düşür. Deməli, İrəvandan Qafana neytral zonaya uçmalı olursan. Hələ durub bir lovğa-lovğa danışırsan ki, Qafana təyyarə reysi açılıb. Axırda siz bütün ermənilərin başını yeyəcəksiniz. Torpaqlarımızı verməsəydiniz, türk bizə bu qədər yaxın olmazdı”.
Sevinc Paşayeva,
KONKRET.az