Baş bankir ekspertlərlə nələri müzakirə edib? – Gələn il bir çox yenilik olacaqbackend

Baş bankir ekspertlərlə nələri müzakirə edib? - Gələn il bir çox yenilik olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov növbəti dəfə ölkədəki iqtisadçı-ekspertlərlə görüş keçirib. Bu barədə AMB-nin sədri “X” sosial şəbəkəsində hesabında bildirib.

“Görüşdən öncə ekspertləri maraqlandıran bir sıra mövzular üzrə AMB-nin nümayəndələrinin məlumat xarakterli təqdimatlar da baş tutdu. Görüş zamanı aktual mövzular üzərində fikir mübadiləsi aparıldı və ekspertləri düşündürən suallara münasibət bildirildi. Növbəti ildə də görüşlərimiz davam edəcək”, – deyə o qeyd edib.

KONKRET.az xəbər verir ki, görüşdə iştirak edən iqtisadçı-ekspertlərdən biri Natiq Cəfərli olub. O, Modern.az-a görüşdə müzakirə olunan məsələlərlə bağlı danışıb.

Natiq Cəfərli görüşdə bir çox məsələnin müzakirə olunduğunu, danışıqların açıq, səmimi, detallı keçdiyini bildirib.

“Bu görüşün özü fakt olaraq doğru və maraqlı bir formatdır. Bu ilk deyil. Bundan öncə də bənzər bir görüşümüz olmuşdu. Kifayət qədər açıq, səmimi, detallı müzakirələr oldu. Bu faktın özü, Mərkəzi Bankın müstəqil ekspertlərlə görüşlərinin mütamadi keçirilməsi özlüyündə pozitiv yenilikdir, doğru olan istiqamətdir”, – o deyib.

 

Ekspert bildirib ki, görüş zamanı əvvəlcə inflyasiyanın hesablanma metodologiyası ilə bağlı Mərkəzi Bankın təqdimatları oldu.

“Texniki məsələlər olduğu üçün texniki suallar daha çox idi. Hesablama qaydaları, hansı metodologiyan istifadə olunur və sair kimi suallara düşünürəm ki, MB rəhbərliyi aydın cavab verdi. Daha sonra hörmətli Taleh müəllimlə sual-cavab mərhələsi başladı. Ən çox müzakirə olunan məsələlər təbii ki, ölkədə bir neçə bankın kifayət qədər böyük bank kapitalına, bank bazarında çox böyük paya malik olması idi. Ölkədə 3 bank bazarın 70-75 faizinə nəzarət edir. Bu da rəqabətli mühit üçün çox böyük problemdir”, – Natiq Cəfərli deyib.

O vurğulayıb ki, Mərkəzi Bank rəhbərliyinin dediyinə görə, gələn ildən dövlət büdcəsindən maliyyələşən, maaş alan, təqaüd alan şəxslərin istənilən bankları seçmə imkanı olacaq:

“Bu orta və kiçik bankların da həmin kateqoriyadan olan insanları müştəri kimi cəlb etmək imkanı yaradır, doğru olan da elə budur. Bu bank bazarının differensiallaşmasına xidmət edəcək. Müştərilən böyük əksəriyyəti – 2 milyon 300 minə yaxın insan maaş, təqaüd, sosial müavinət alır. Həmin şəxslərin əksəriyyəti iki böyük bankda qeydiyyatdır. Müştərilərin digər banklara keçməsi rəqabətli mühit üçün pozitiv məsələ olacaq. Bundan başqa kredit faizləri ilə bağlı müzakirələr əsas müzakirə predmeti idi. Regionlarda kreditlərin verilməsinin çətin olduğu, aqrar sektora demək olar ki, kreditlər verilməməsi ilə bağlı məsələ qadırıldı. Biz bilirik ki, Mərkəzi Bank kreditin faizini təyin edən, banklara hər hansı bir göstəriş verən bir qurum deyil. Bankların əksəriyyəti özəldir. Yalnız ikisi dövlərdir və MB birbaşa müdaxilə edə bilmir. Lakin MB-ın əlində bəzi alətlər, o cümlədən uçot dərəcəsi, qısamüddətli və uzunmüddətli müəyyən bankların qiymətli kağızlar müqabilində kredit xətləri açmaq kimi imkanları var. Müzakirələr zamanı belə fikirlər səsləndirildi ki, regionların kreditləşməsinin artırılması üçün stimullara ehtiyac var. Banklara müəyyən stimullar verilməlidir, stimullaşdırma proqramları qəbul edilməlidir ki, regionlarda aqrar sektorda çalışan fermerlər uzunmüddətli aşağı faizli kreditlər ala bilsinlər. Gələcəkdə həll yollarının tapılması ilə bağlı müəyyən müzakirələr getdiyi söylənildi. Sonradan MB-ın 3 illik strategiyasının qəbul olunacağı və yanvarda onun təqdimatı olacağı söylənildi, bizim qaldırdığımız bir çox məsələlərin öz həllini tapacağı deyildi. Yanvarda çox güman yenə görüşlər olacaq. Bu görüş zamanı həmin prezentasiyalar təqdim olunacaq. Bundan sonra ictimaiyyətə açıqlanacaq. Bunun özü Mərkəzi Bankın güvənliyini, həm də gələcəyə baxışlarını açıq şəkildə ortaya qoya bilər. Artıq bu strategiya açıqlandıqdan sonra buna uyğun biz də təklif, tənqid, fikirlərimizi söyləyəcəyimizi öncədən dedik və yəqin ki, yanvar ayında bu strategiya açıqlanacaq”.

O, ekspertlər tərəfindən Mərkəzi Banka bir sıra təkliflər verildiyini qeyd edib.

“Mən bir necə tez həll oluna biləcək təkliflər də verdim. Bu yaxınlarda Mərkəzi Bank bankların hansılardan daha çox şikayət olması barədə reytinqini açıqlamışdı. Mənim irad və təklifim ondan ibarət oldu ki, bu açıqlanarkən doğru düzgün izah olunmalı ki, hansı bankdan daha çox şikayət olub, lakin müştəri bazasına bölünüb bir əmsal çıxarılmamışdı. Razılaşdırıldı ki, bununla bağlı maarifləndirici açıqlama veriləcək. Həmin reytinq açıqlanarkən bir çox insanda şübhə yaranmışdı ki, şikayət çox olan bankların bağlanması gündəmə gələ bilər, onlara qarşı hər hansı bir addım atıla bilər. Mən bu məsələni qaldırdım, razılaşdırlar və dedilər ki, gələn görüşlərdə daha geniş və izahlı şəkildə açıqlanacaq. Bundan başqa Mərkəzi Bankın press-relizləri yayılarkən faiz artımı ilə bağlı məsələni də qaldırdım. Faiz artımı və yaxud faiz azalması fərq etməz, bunun məqsədləri ilə bağlı bazar oyunçularına daha açıq mesajlar verilməlidir, biz məsələn Federal Rezerv Sistemi Amerikada faizi niyə qaldırır və aşağı salır bilirik. Çünki bu press-relizlərində açıq yazılır. Lakin Mərkəzi Bankda bu daha açıq şəkildə qeyd olunmur. Bunla bağlı da daha geniş açıqlamaların olacağını söylədilər. Orada bağlanan banklarda kommersiya şirkətlərinin depozitlərinin geri qaytarılması ilə bağlı ciddi problemlərə toxunuldu. Sığortalı vətəndaşların əmanətləri qaytarılır. Lakin özəl sektorun buradakı əmanətləri və hesablarındakı pul illər keçsə də, qaytarılmır və yaxud çox çətinliklə qaytarılır.”

Ekspert görüşdə devalvasiya gözləntisi haqqında məsələdən danışıldığını da vurğulayıb: “Bir neçə sualda manatın məzənnəsi ilə bağlı məsələ qaldırıldı. MB əvvəlki rəhbərlik zamanı üzən məzənnəyə keçəcəkləri ilə bağlı 2016-2017-ci illərdə hədəf qoyulmuşdu. Tam səmimi şəkildə yeni rəhbərlik bildirir ki, bizdə üzən məzənnə mümkün deyil. Bizdə tənzimlənən məzənnə rejimidir və bu rejimin ən azı gələn il də davam edəcəyi ilə bağlı bir açıqlama eşitdik.”

İqtisadçı hər hansı bankın bağlanmasının nəzərdə tutulmadığını qeyd edib: “Deyilənlər dən belə məlum oldu ki, çürük bankların demək olar ki, tamamı artıq bazardan çıxıb. Problemli banklar demək olar ki, qalmayıb. Açıqlamalardan bu nəticəyə gəlmək olar ki, ən azından bugünkü vəziyyətə görə maliyyə sabitliyinə təsir göstərə biləcək hansısa bir bankın bağlanması nəzərdə tutulmur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*