Hindistanda seçki prosesi sona yaxınlaşsa da, Hindistanın Baş naziri Nerandra Modinin ölkənin cənubundakı Vivekananda Qaya monastrına çəkilməsi böyük ajiotaj doğurub. Məsələ burasındadır ki, Modi 2 günlük meditasiya üçün bu addımı atıb.
KONKRET.az xəbər verir ki, Hindistanın müxalif Konqres Partiyası Modinin meditasiyaya başlamaq qərarını seçki qadağalarını pozmaq üçün atılan addım kimi qiymətləndirib. Meditasiya görüntülərinin mediada əks olunmasının qarşısını almaq üçün o, seçki şurasına müraciət edib.
Qərbi Benqaliyanın Baş Naziri Mamata Banerjee seçki kampaniyası çərçivəsində Kolkatada etdiyi çıxışda Modini kameralarla meditasiya etdiyinə görə tənqid edib: “O, səslərin hesablanmasından əvvəl həmişə bir yerdə 48 saat reklam üçün oturur. O niyə belə edir və xüsusən kameralar qarşısında?”.
Qeyd edək ki, Modinin 2 günlük meditasiya dövründə təhlükəsizliyini təmin etmək üçün monastrın ətrafına 2 min polis, eləcə də sahil mühafizəsi və dəniz qüvvələri yerləşdirilib.
Yeri gəlmişkən, aprelin 19-da başlayan və iyunun 1-dək davam edəcək seçkilər çərçivəsində Hindistanda təxminən 968 milyon seçici federal parlamentin aşağı palatası olan Xalq Məclisinin üzvlərini müəyyən etmək üçün səs verir.
Son seçkilərdə qalib gələn Baş nazir Modi rəhbərlik etdiyi Bharatiya Janata Partiyasının (BJP) rəhbərliyi altında qurulan “Milli Demokratik Alyansa (NDA)” və “Hindistan Milli İnkişafı” adı altında bir çox müxalifət partiyasının geniş koalisiyasına qarşı yarışır.
Ölkənin 28 ştatını və 8 xüsusi inzibati rayonu əhatə edən ümumi seçkilər çərçivəsində seçicilər aprelin 19 və 26-da, o cümlədən mayın 7, 13, 20, 25-də və nəhayət iyunun 1-də 7 mərhələdə səs veriblər. Seçkinin nəticələri iyunun 4-də açıqlanacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az