ABŞ prezidenti Co Bayden 30 dəqiqəlik telefon danışığında İsrailin baş naziri Binyamin Netanyahunu təhdid edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İsraildən mülki insanların və yardım işçilərinin qorunması naminə yeni addımlar atması tələb edilb. Co Bayden deyib ki, ABŞ-nin Qəzzada müharibəyə gələcək dəstəyi bundan asılıdır.
“Prezidentin bugünkü telefon danışığında dediyi kimi, ABŞ-nin Qəzza zolağına dair siyasəti İsrailin bu və digər addımlarla bağlı çevik hərəkətlərinə, o cümlədən günahsız mülki şəxslərin və yardım işçilərinin təhlükəsizliyinin qorunmasına yönəlik addımlarını qiymətləndirməmizlə müəyyən ediləcək”, – Ağ Ev öz saytında bildirib.
Bayden “dərhal atəşkəs”in əldə edilməsinin və hələ də Qəzza zolağında saxlanılan 100-ə yaxın girovun dəyişdirilməsinin vacib olduğunu bildirib və İsraili gecikmədən belə bir razılaşma əldə etməyə çağırıb.
Qeyd edək ki, bu açıqlama İsrailin hava hücumları nəticəsində xeyriyyə təşkilatının 7 əməkdaşının ölümündən bir neçə gün sonraya təsadüf edib. ABŞ prezidenti ilk dəfədir, İsrailin taktikasını dəyişməyəcəyi və Qəzzaya humanitar yardımların çatdırılmasını genişləndirməyəcəyi təqdirdə HƏMAS-a qarşı müharibəyə dəstəyini yenidən nəzərdən keçirəcəyi ilə hədələyib.
İsrailin baş nazirinin ofisi aprelin 5-də səhər tezdən elan edib ki, təhlükəsizlik kabineti Qəzzaya humanitar yardım axınını artırmaq üçün bir sıra “təcili addımlar”ı, o cümlədən HƏMAS-ın 7 oktyabr tarixli hücumu zamanı dağıdılan “Erez” nəzarət-buraxılış məntqəsinin yenidən açılmasını təsdiqləyib.
Xatirə SADİQ,
KONKRET.az