“Gəlin, bu il, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü həm də həmdiləklik, həmhədəflik və həmməqsədlik bayramına çevirək! Necə? Bütün şəhid və qazi ailələrinin evlərini, mənzillərini ziyarət etməklə! Paylı-parsalı, hədiyyəli-sovqatlı! Ünvanlarını əldə edək. Hər birinə baş çəkək!”
KONKRET.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
“Özümüz bayram etməyək! Bayramı onlara yaşadaq. Qoy qara bayram bizim olsun! Amma şəhid və qazi ailələri qıpqırmızı bayram keçirsinlər! Öz mübarək qanlarına layiq! Müdafiə Nazirliyinə müraciət edib o ailələrin ünvanlarını əldə edək. Hər bir şəhid və qazi ailəsini ziyarət edək!!! Hər birini! Biz ömrümüzün sonuna kimi Müzəffər Ali Baş Komandan – Birinci Əsgər başda olmaqla bütün döyüşçülərimizin hüzurunda olmalıyıq! Ya canlarının, ya ruhlarının hüzurunda! Həmişə! Əbədi! Bizim rahatlığımız-hüzurumuz onların hüzurudur. Unutmayaq! Qoy 1 Yanvar yeni təqvim bayramı yox, şəhid və şəhadət, qazi və qəzavat bayramı olsun!” – M.Ağayev bildirib.