Belə çıxır ki, hələ də bəzi nazirliklər “pokazuxa” ilə məşğuldur – KONKRET FAKTbackend

Belə çıxır ki, hələ də bəzi nazirliklər "pokazuxa" ilə məşğuldur - KONKRET FAKT

Surxay Atakişiyev

Mən deyəndə ki, biz tamam başqa qalaktikada yaşayırıq. Bəzi ağzıgöyçəklər mənə ağız büzür. Guya ki, bunlar Azərbaycanı məndən daha çox sevirlər. Və bizim cəmiyyətdə baş verənlərin sivilizasiyadan, xüsusən də Avropadan qaynaqlandığını deyirlər. Bəli, formaca təşəbbüslərimiz Avropa cəmiyyətinin gündəlik həyatından qaynaqlana bilər.

Lakin qaynaqlanan təşəbbüslərin icrası məzmunca Azərbaycansayağı olur. Çünki lazımdır ki, hər bir təşəbbüsün sosial-iqtisadi əsasları olsun. Bax, bizdə olmayan zad da budur. Biz bir təşəbbüs irəli sürürük, bunun üçün də bəzən bir iclas da keçiririk. Amma bütün bunlardan qabaq bütün televiziyaları və KİV-ləri toplayıb ŞOK açıqlamalar edirik: “Bizim nazirlik müasir çağırışlardan doğan zərurəti vaxtındaca dəyərləndirib növbəti layihənin icrasına başlayır”.

İnformasiya aclığı yaşayan televiziya və mətbuatımız da 3 gün bu ŞOK xəbəri “raskrutka” eləyir. Bütün televiziya xəbərləri bu anonsla başlayır, bütün yazılı və elektron qəzetlərin manşeti bu informasiya ilə bəzədilir. Dediyim kimi bu 3 gün çəkir. 3 gündən sonra hər şey yaddan çıxır. Və jurnalistlər ordusunun öndəgedənləri başlayırlar növbəti “ŞOK” açıqlamalar axtarmağa. Və bu məqamda Mirzə Fətəli Axundovun məşhur “Hekayəti molla İbrahim Xəlili  kimyagər” pyesindəki məşhur ifadə yadıma düşdü: “Meymunu yadınıza salmayın”.

Amma belə məqamlarda Əli Həsənovu yada salmamaq Allah haqqı mümkün deyil. Çünki məhz onun rəhbərliyi və Ramiz Ənvəroviçin yazdığı tezislər (kitablar da demək olar) hesabına Azərbaycanda mətbuatın əsas vəzifələrindən biri və bəlkə də birincisi olan maarifləndirmək vəzifəsi jurnalistikamızın fəaliyyət sferasından çıxarıldı. Çünki maarflənmiş, savadlı insanları idarə etmək çox çətindir. Yalnız sensasiya (xəbər) axtaran və əylənmək istəyən insanları idarə eləməksə daha asandır. Bunun üçün 2 Zaur, 1 Xoşqədəm, bir-iki dənə də Mikayıl kimisi bəsdir. Bu məsələnin əylənmək tərəfi. Məsələnin xəbər tərəfinə gəldikdə isə Ramiz Mehdiyev-Əli Həsənov tandemi hər zaman televiziya və qəzet rəhbərlərinə dönə-dönə tapşırırdı ki, bu işdə gənclərin “enerjisindən” istifadə edin. Və çox təəssüf ki, onların tövsiyələri hələ də bəzi televiziya və qəzet rəhbərləri üçün əsas fəaliyyət prinsipi olaraq qalır. Hazırda təcrübəli və peşəkar jurnalistlərdən televiziya rəhbərləri və qəzet redaktorları qaçır. Çünki onlara peşəkarlarla yox, “bəli, baş üstə” deyənlərlə işləmək daha rahatdır. Ona görə ki, bir çox televiziyalarda və bəzi qəzetlərdə işə peşəkar yox, korporativ maraqdan doğan yanaşma var. Bu cür qüsurlu yanaşma isə mətbuatın əsas prinsiplərindən sapmasına gətirib çıxarır.

Əlqərəz, gələk fikrimin qəmbərqulusuna. Deməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il bəyan etdi ki, 2021-ci ilin 1 yanvar tarixindən polietilen torbalar dövriyyədən çıxarılacaq. Yuxarıda dediyim kimi 3 gün, 3 gecə bu xəbər Azərbaycanın hər bölgəsində ev-ev dolaşdı. Sonra yaddan çıxdı. Və 31 dekabrda kiminsə yadına düşdü ki, “bıyy, axı Ekologiya və Təbii Sərvətlər Nazirliyi filan vaxt belə bir söz demişdi?!” İndi sensasiya axtaran jurnalist həmkarlarım da qalıb pis vəziyyətdə. Bilmirlər kimin qapısın döysünlər və soruşsunlar ki, ”Bəs nə oldu? Polietilen torbalar bəs niyə yığışdırılmadı?”

Elekton qəzetçiliyimizin öndə gedəni “Report”, deyəsən, müraciət ediləcək ünvanlardan birini tapıb. İqtisadiyyat Nazirliyinin mütəxəssisi Araz Əliyevdən polietilen torbaların dövriyyədən yığışdırılmamasının səbəbini soruşub. Araz müəllim də deyib ki, “İlkin monitorinqlərin nəticələrinə görə, bir çox polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur. İlk tələb istehsalçılar üzərinə qoyulmalıdır. Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Qanunvericiliyin tələblərinə riayət etmək üçün insanları hazırlamaq lazımdır”.

Gözəl və məntiqli açıqlamadır. Bu məsələyə biləvasitə cavabdeh olan Nazirliyin təmsilçisi günahı istehsalçıda və istehlakçıda görür. Olsun, Bir söz demirəm. Onsuz da bizim cəmiyyətin özəlliyindən biri də odur ki, “günahkarı” tez tapırıq. Bizim məntiqimizə görə günah hər zaman öləndə olur. Ona görə də dirilər arasında günahkar axtarmırıq. Necə ki, polietilen torba məsələsində günahı satıcıda və alıcıda görürük. Amma bu təşəbbüsü ortaya atan və onun icrası ilə məşğul olmalı təşkilatlardan hesab soruşmaq ağlımıza gəlmir. Bu da jurnalistikamızdakı gənclər ordusunun təcrübəsizliyindən irəli gəlir.

Burda bir haşiyəyə çıxmaq məcburiyyətindəyəm. Vaxilə, yəni biz də cavan olanda bizə saçı-saqqalı ağarmış KİŞİLƏR rəhbərlik edirdi. Onlar təkcə göstəriş vermridi. Həm bizlərə jurnalistikanın sirlərini öyrədirdi, həm də işimizə məsuliyyət aşılayırdı. Yadımdadır ki, dəfələrlə baş redaktor məni çağırıb soruşurdu ki, “Bir müddət əvvəl hazırladığın xəbərin nəticəsi nə oldu? İndi get, öyrən gör o məsələ nə yerdədir?” Sonda da deyirdi ki, ”Çətinliyin olsa, gəl yanıma”. İndi hanı o günlər?

Deməyim odur ki, vaxtilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu xəbəri dövriyəyə buraxandan sonra bir dənə  jurnalist araşdırması olmadı. Ən azından yeni il ərəfəsində hörmətli Muxtar Babayevə əli çatmasa da, nazirliyin mətbuat katibi İradə İbrahimovadan soruşmaq olardı ki, “Dediyiniz layihənin sonu necə oldu?” Axı, təşəbbüslə iş bitmir? Madam ki, bu ideyanı ortaya atmısınız, onda problemin həll yolların da göstərin. Müvafiq dövlət qurumları ilə birgə fəaliyyət planı hazırlayın. Yoxsa təşəbbüs irəli sürməklə iş bitmir. İndi də bu nəcib təşəbbüs havadan asılı qalıb. Halbuki təşəbbüsün icrası üçün ETSN və İqtisadiyyat Nazirliyi bununla bağlı tədbirlər planı hazırlamalı idi. Hökumətə öz təkliflərini verməli idi. Hökümət də bu məsələnin təşviqi üçün sahibkarlara əlavə dəstək paketi hazırlamalı idi. Yəni kağız torba istehsalı stimullaşdırılmalı idi. Bundan sonra isə polietilen torbalarının dövriyyədən çıxarılması gündəmə gəlməli idi. Yoxsa, bir təşəbbüslə və onun “rastkrutkası” ilə iş bitmir.

Əziz oxucu! Gördünmü ki, biz başqa qalaktikanın adamlarıyıq?!

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*