Beynəlxalq ekspertlər KONKRET.az-a danışdı: “Müharibə hələ uzun çəkəcək, sürprizlər olacaq”backend

Beynəlxalq ekspertlər KONKRET.az-a danışdı: "Müharibə hələ uzun çəkəcək, sürprizlər olacaq"

Rusiya Prezidenti Vladimir Putin ölkə ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. Rusiyanın Ukraynada tutduğu əraziləri rəsmi ilhaqlaşdırandan sonra belə bir açıqlamanın verilməsi, Ukraynada taktiki nüvə silahının mümkün istifadəsi ilə bağlı dünyada ciddi narahatlığa səbəb olub. Maraqlıdır, Rusiya nüvə silahından istifadə edə bilərmi və bu, hansı halda baş verə bilər?

Türkiyəli tarixçi alim, politoloq Mehmet Perinçek KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda Rusiyanın nüvə silahından istifadə etməsi real görünmür:

“Rusiyanın hərbi doktrinasına görə, nüvə silahından istifadə yalnız bu şəkildə mümkündür ki, özünə və ya müttəfiqlərinə qarşı nüvə silahı hücumu olarsa və ya Rusiyanın ərazi bütövlüyü və milli suverenliyi təhlükə və təhdid altına düşərsə Rusiya nüvə silahından istifadə edə bilər. Lakin bu məsələ hazırda müzakirə mövzusu deyil. Çünki əgər, Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı nüvə silahından istifadə etməsə, Rusiyanın da nüvə silahından istifadə etməsini ehtimal etmək olmaz. Həmçinin, Rusiyanın milli təhlükəsizliyi və suverenliyi təhlükə altına düşməsə Ukrayna ilə müharibədə nüvə silahından istifadə etməsi mümkün deyil. Yəni, Rusiyanın nüvə silahından istifadə etməsi yalnız NATO ölkələrinin hücum etməsinə cavab olaraq reallaşa bilər”.

“Çünki Rusiyanın hərbi doktrinasına əsasən, Ukryana ilə müharibə nüvə silahından istifadəni tələb etmir. Bununla belə, dünyada nüvə müharibəsinin başlayacağını da real hesab etmirəm. Çünki nüvə silahından istifadə edən ölkə özünün də nüvə silahının hədəfi olacağını bilir ki, bu da çox ciddi dağıntılara səbəb ola bilər”-deyə, politoloq vurğulayıb.

Mehmet Perinçek

Perinçek qeyd edib ki, Amerikanın Yaponiyanın Xiroşima və Naqasaki şəhərlərində nüvə silahından istifadə etməsindən sonra, SSRİ-nin və digər ölkələrin də nüvə silahı istehsal etməyə başlaması bu istiqamətdə tarazlıq yaradıb:

“Məhz bu tarazlıq nəticəsində bu silahların qarşılıqlı istifadəsinin qarşısı alınıb. Çünki bu silahlar yalnız Amerika Birləşmiş Ştatlarında olsaydı, ABŞ bir çox yerdə bundan istifadə edə bilərdi. Lakin qarşısındakı güclərin də nüvə silahına sahib olmasıyla özünün də hədəf ola biləcəyinə görə, artıq nüvə silahına sahib olan ölkələr ilk düyməni basmaqda ehtiyat edir və bu silahlar yalnız özünü müdafiə və ya təhdid xaraketri daşıyır. Bu baxımdan, hazırda bu silahların istifadə edilməsi üçün heç bir əsas yoxdur”.

“Məsələn, Ukrayna Silahlı Qüvvələri Zaporeje Nüvə Stansiyasına hücumlar edib. Həmçinin, buna bənzər hücumlar qeydə alınıb. Əgər, bu hücumların nəticəsində müxtəlif nüvə sızmaları və ya nüvə qəzaları baş versə, bu, təbii ki, bölgə üçün ciddi təhlükələr yaradacaq. Lakin buna rəğmən, Rusiyanın bütün bunlara cavab olaraq yenə də nüvə silahına əl atacağı gözlənilmir. Çünki Rusiyanın hərbi doktrinası Ukrayna ilə müharibədə belə bir addımın atılmasına əsas vermir”-analitik fikrini yekunlaşdırıb.

Rusiyalı politoloq İqor Korotçenko da KONKRET.az-a açıqlamasında Rusiyanın nüvə silahından hansı halda istifadə edəcəyini analoji şərtlərlə əsaslandırıb:

İqor Korotçenko

“Rusiya taktiki və ya strateji nüvə silahından o halda istifadə edə bilər ki, bu, Rusiyanın hərbi doktrinasında öz əksini tapsın. Yəni, ilk növbədə Rusiya Federasiyasına qarşı hər hansı nüvə silahından istifadə cəhdi olarsa, ərazi bütövlüyü və suverenliyi təhlükə altına düşərsə Rusiya bu halda adekvat addım ata bilər”.

“Sadaladağım bu amillərə əsasən, nüvə silahından istifadə sıradan və qeyri-ciddi xarakter daşımır. Bu, kifayət qədər ciddi məsələdir və Rusiyanın hərbi doktrinasında taktiki və ya strateji nüvə silahında hansı halda istifadə edə biləcəyi açıq-aydın göstərilir. Çünki bu məsələ kənar müdaxiləni və hərbi təcavüzü dəf etmək baxımımdan həyati əhəmiyyət kəsb edir”-deyə, rusiyalı politoloq vurğulayıb.

Hərbi ekspert Ədalət Verdiyev də KONKRET.az-a açıqlamasında bildirib ki, indiki mərhələdə Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi mümkün görünmür:

“Bu, yalnız bir halda mümkün ola bilər ki, Rusiya 2014-cü ildə əldə etdiyi torpaqları itirməyə başlasın. Çünki bu silahın istifadəsi hər iki tərəf üçün, hətta region və bəlkə də bütün dünya üçün kifayət qədər ciddi problemlər vəd edir”.

“Düzdür, Rusiya hərbi doktrinasında nüvə silahından birinci istifadə etməyəcəyinə dair bənd əlavə etsə də, istisna deyil ki, ciddi geri çəkilmələrlə qarşılaşsa, ən azından taktiki nüvə silahından istifadə edə bilər. Onsuz da hazırda istifadə olunan “Caliber” və “İsgəndər” qanadlı ballistik raketlərinə də nüvə başlıqlarının yerləşdirilməsi mümükünr. Çünki “İsgəndər” raketləri 50 kilotona qədər nüvə başlıqlarını daşıya bilir. Ona görə də nüvə silahından istifadəni tamamilə istisna etmək də mümkün deyil”-ekspert əsaslandırıb.

Onun sözlərinə görə, bu silahlardan istifadəni sadəcə indiki vəiyyət üçün real hesab etmək doğru olmaz:

“Bu baxımdan, hadisələrin gedişatını bir qədər də izləmək lazmdır. Çünki müharibənin bitməsinə hələ çox var və gedişatda bir çox sürprizlərlə qarşılaşa bilərik”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*