Londondakı “Sainsbury Wellcome” Mərkəzində aparılan yenilikçi tədqiqat beynimizin vərdişləri necə öyrəndiyinə dair mühüm kəşf ortaya qoyub.
KONKRET.az xəbər verir ki, araşdırmaya görə, beyində yalnız mükafat əsaslı öyrənmə deyil, həm də təkrarlanan davranışları gücləndirən ikinci bir sistem mövcuddur.
“Nature” jurnalında dərc olunan işə görə, beyin iki fərqli dopamin siqnalı vasitəsilə öyrənir: mükafat proqnozu xətası (RPE) və hərəkət proqnozu xətası (APE). RPE nəticələrin qiymətləndirilməsinə xidmət edir, APE isə tez-tez edilən hərəkətləri möhkəmləndirir. Xüsusilə striatumun quyruğu adlı hissədə kodlanan APE sistemi vərdişlərin davamlı formalaşmasında əsas rol oynayır. Bu bölgə zədələnəndə vərdişlər inkişaf etmir.
Tədqiqat pis vərdişlərin niyə tərk edilməsinin çətin olduğunu da açıqlayır: Beyin bir hərəkəti çox təkrar etdikdə, onu dəyərsizləşdirmədən varsayılan hal kimi qəbul edir. Amma yeni vərdişlərin köhnələrinin yerini tutması mümkündür. Bu kəşf asılılıq və parkinson kimi xəstəliklərin müalicəsində yeni üfüqlər açır.
Natiq Səlim,
KONKRET.az