Müğənni Aygün Ağayeva ailə həyatı qurub. İfaçının toyunda diqqət çəkən məqam isə bəyin şadlıq sarayında gözə görünməməsi olub. Bəs görəsən, müğənni Aygün Ağayevanın bəy olmadan ailə qurması Azərbaycan ənənəvi toy anlayışına nə dərəcədə uyğundur?
Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqı ənənələrinə və adətlərinə bağlılığı ilə seçilir.
“Bu ənənələr arasında toy mərasimlərinin xüsusi yeri var. Gənclər ailə qurarkən bu sevinci yaxınları ilə bölüşmək və münasibətlərini cəmiyyətə göstərmək üçün toy təşkil edirlər. Buna görə də toy sadəcə yeyib-içmək məclisi deyil, həm də bir bəyannamə və deklarasiyadır. O, daha böyük və dərin köklü bir ənənənin tərkib hissəsidir. Bu baxımdan toy mərasimləri də məhz ənənələrə uyğun şəkildə keçirilməlidir. Toy təkcə məclis deyil, ictimai bir hadisədir”.
Sosioloq vurğulayıb ki, məsələnin hüquqi tərəfinə baxdıqda, toy olmadan nikah bağlamaq mümkündür.
“Lakin toy bu prosesin məhz ənənəvi hissəsidir. Belə olan halda, niyə bu mərasim ənənəyə uyğun keçirilməsin? Əks halda kınardan məntiqsiz görünür. Azərbaycan adət-ənənəsinə tamamilə zidd olan bir məqam isə toya bəyin və ya gəlinin qatılmamasıdır. Belə bir praktika bizim ənənəmizdə yoxdur. Bu cür yanaşma yalnız suallar və narazılıq doğura bilər. Əgər doğrudan da bəy hansısa səbəbdən iştirak edə bilmirdisə, daha düzgün yanaşma toyun təxirə salınması və ya kiçik, sadə bir məclis şəklində keçirilməsi olardı. Lakin görünür ki, adıçəkilən müğənni bu məsələyə cəmiyyətin gözlədiyi həssaslıqla yanaşmayıb”.
Aynurə İsmayıl
KONKRET.az