Son zamanlar paytaxt yollarında Wolt və Bolt kimi çatdırılma xidmətlərində çalışan motosikletli kuryerlərin davranışı ictimai narazılığa səbəb olur. Dar və riskli sahələrə daxil olmaq, dönəcəklərdə qaydalara əməl etməmək, işıqforun qırmızı və sarı işığında hərəkəti davam etdirmək, həmçinin avtomobillərə toxunaraq yanlarından keçmək artıq adi hala çevrilib. Bu qayda pozuntularının nəticəsi kimi tez-tez qəzalar baş verir. Bəzi hallarda isə kuryerlərin qəsdən hay-küy salaraq sürücüləri günahlandırması, yüngül toxunuşları “xəsarət” kimi qələmə verib pul tələb etməsi fırıldaqçılıq şübhələrini gücləndirir. Ümumiyyətlə, yollarda motosikletlərin sayının artması müəyyən meyarların dəyişməsinə səbəb olub. Motosiklet, moped və skuter sürücüləri bir çox kobud səhvlərə yol verirlər ki, bu da digər yol hərəkət iştirakçıları üçün potensial təhlükə yaradır. Ancaq problem sadəcə təhlükə ilə də məhdudlaşmır. Burada məsələ tamam başqadır. Söhbət yollarda tüğyan edən şər-böhtan şəbəkələrindən gedir, hansı ki, hər birimiz bu fırıldaqçıların potensial qurbanına çevrilmək ehtimalı ilə üz-üzəyik. Bu haqda bir az sonra ətraflı bəhs edəcəm. Hələlik, gəlin görək motosiklet və mobed sürücüləri yollarda digər sürücülər üçün hansı təhlükə yaradırlar:
Tədqiqatlar göstərir ki, ölümlərin əksəriyyəti motosiklet sürücülərinin dəbilqə taxmamasından qaynaqlanır.
Trafik sıxlığının həddindən artıq sürət və düzgün olmayan ötmə səbəbindən yarandığı aşkar edilib.
Lazımi avadanlıq olmadan motosiklet idarə etmək
Məcburi yol hərəkəti qaydalarına əməl edilməməsi (işıq siqnalının olmaması, qəfil əyləc nəticəsində baş verən qəzalar)
Ön hissəni qaldırmaq kimi səhv davranışlar
Vaxtında və səlahiyyətli servis mərkəzləri tərəfindən motosikletə texniki xidmət göstərilməməsi nəticəsində baş verən qəzalar
Sistematik motosikletdən istifadə nəticəsində baş verən qəzalar
Motosikletçilər adi nəqliyyat vasitələrinə nisbətən yol hərəkətinə daha çox diqqət yetirməlidirlər. Yağışlı və qarlı havada sürət həddinin aşılmasından və qəfil əyləcdən çəkinmək, təkərlərin vaxtında və səlahiyyətli servis mərkəzləri vasitəsilə dəyişdirilməsi böyük qəzaların qarşısını almağa kömək edir.
Motosiklet sürərkən digər nəqliyyat vasitələri ilə müqayisədə tarazlığın və hava yastıqlarının olmaması sürücülərin daha diqqətli davranmasının vacibliyini gündəmə gətirir. Azərbaycan yollarında şütüyən motosikletlərin heç birində bu göstərişlərə əməl edilmədiyi gün kimi ortadadır. Kuryerliklə məşğul olan şəxslərin böyük əksəriyyətini digər yol həırəkət iştirakçılarının həyatı və ya motosikletlərin saz vəziyyətdə olması yox, daha çox sifariş və 3-5 manat qazanmaq maraqlandırır.
İndi isə gələk əsas və ən mühüm məsələyə:
Bu gün motosiklet, moped və hətta skuter sürücüləri arasında böyük fırıldaçı şəbəkələr formalaşmaqdadır. Onların planı ilk baxışdan sadə görünsə də, əslində həm dövlətə, həm də ayrı-ayrı fərdlərə çox böyük ziyan vura və təhlükəli hədd yarada bilər. Belə ki, hardan gəldi sürməklə yol hərəkət qaydalarına məhəl qoymayan motosiklet və moped sürücüləri bilərəkdən digər avtomobillərə toxunmaqla qəza şəraiti yaradırlar. Bu zaman təbiidir ki, kiçik həcimli və üstü açıq olması motosikletlərin zərbə alması, sürücülərinin isə yaralanması ilə nəticələnir. Söhbət kiçik həcmli xəsarətlərdən gedir. Bu da hesablanmış addımdır. Çünki motosiklet sürücüləri bu cür qəzaları bilərəkdən törətdikləri üçün, alacaqları xəsarətlərin dərəcələrini də öncədən hesablaya bilirlər. özüdə hədəfə ancaq bahalı maşınların sürücüləri çevrilir. Məqsəd isə təbii ki, pul qopartmaqdır. Deməli qəza baş verir və bundan sonra özünü “ölülüyə” qoyan motosiklet və moped sürücüləri avtomobil sahiblərinə qarşı hay-həşir salmağa başlayırlar. Özlərini sanki ağır xəsarət alıblar kimi göstərərək polislə hədələməkdən belə çəkinmirlər. Qorxuya düşən sürücülər isə motosiklet sahiblərinin hər istəyi ilə razılaşmaq məcburiyyətində qalırlar. Beləcə, kiçik xəsarətlərin əvəzinə böyük pullar mənimsənilir. Ağzını açıb danışmaq istəyən avtomobil sürücüləri isə polislə qorxudulur, yaxud “həkimə getsək daha çox problem yaşayacaqsınız” deməklə hədələyirlər. Bütün bunların isə bir adı var: Şəbəkə fırıldaqçılığı… Özüdə sayları günü-gündən artır. Səbəb isə çox sadədir. Bütün günü motosiklet belində şəhəri fırlanıb yemək daşımaqla qazandıqları pulu bir dəqiqənin içində əldə edirlər. Özüdə əziyyət çəkmədən və asan yolla. Ümid edirik ki, bu fırıldaq şəbəkələri ölkəni cənginə almadan aidiyyatı qurumlar hərəkətə keçərək vaxtında qarşısını alacaqlar. Əks halda paytaxt yollarında növbəti anarxiyanın şahidi olacağıq.
Müşviq Tofiqoğlu
KONKRET.az
