Son dövrlər texnologiyanın inkişafı, sosial şəbəkələrin və medianın yaratdığı şərait, üstəlik, cəmiyyətin bəzi fərdlərinin qalmaqallı məsələlərə meylli olması özünü psixoloq kimi təqdim edən bəzi şəxslərin şaxələnməsinə gətirib-çıxarıb. Bundan sui-istifadə edən həmin “psixoloqlar” reklam və kommersiya məqsədilə milli-mənəvi dəyərlərə zidd açıqlamalar verir, daha çox qeyri-ciddi təəssürat yaratmaqla gündəmə gəlirlər. Bununla da insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərir, əhali arasında fikir ayrılığı və çaşqınlıq yaradırlar. Hətta elə bir tendensiya formalaşıb ki, bir neçə aylıq kurslara getməklə, sertifikat alıb istənilən adam psixoloq kimi fəaliyyət göstərə bilir. Nəticədə həm psixologiya kimi ciddi elmi nüfuzdan salır, həm də insanların həyatı ilə oynayırlar.
KONKRET.az mövzunu psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı ilə dəyərləndirib:
– Ramidə xanım, son dövrlər bəzi psixoloqlar yersiz açıqlamaları və davranışları ilə gündəmə gəlmək istəyirlər. Bununla da həm savadlı psixoloqları, həm də psixologiya elmini gözdən salırlar. Artıq elə bir vəziyyət yaranıb ki, həmin psixoloqların timsalında insanlar bu sahəyə qeyri-ciddi yanaşırlar. Sizcə, bu tendensiya nədən qaynaqlanır?
– Son dövrlərdə “psixoloqlar”ın çoxalması, müxtəlif efirlərə çıxıb xoşagəlməz, psixologiya elminə aid olmayan qeyri-etik fikirlər səsləndirməsi təbii ki, istər insanlarda, istərsə də elmi dərəcəsi olan psixoloqlarda mənfi reaksiyalara səbəb olub. Bunun əsas səbəblərindən biri odur ki, 2020-ci ildən pandemiyanın başlanması, ardınca ölkəmizdə baş verən 44 günlük Vətən müharibəsi insanların psixoloji vəziyyətində ciddi dəyişikliklərə yol açdı. Emosional pozuntular, itirmə qorxusu, panik atak və digər psixoloji pozuntuların ortaya çıxması, insanlarda həyəcan və təşvişin artması 3-6 aylıq kurs keçmiş dırnaqarası psixoloqlara şans yaratdı ki, mövcud vəziyyətdən yararlanaraq özlərini reklam etsinlər.
– Əslində, psixologiya elmini nüfuzdan salan bir amil də, qeyd etdiyiniz kimi, bəzi kursların bir neçə aydan sonra sertifikat verməsi, nəticədə də hər kəsə psixoloq kimi fəaliyyət göstərmək üçün şərait yaradılmasıdır. Bu nə dərəcədə doğrudur? Çətin bir elmi 3-4 aya necə mənimsəmək olar?
– Reallıq ondan ibarətdir ki, savadsızlığın kökündə insanların inancları dayanır. Bəzi “psixoloqlar”, yaxud da ali təhsilli təcrübəsizlər insanların psixoloji vəziyyətini inanclarından istifadə edərək dəyərləndirir və onları öz xidmətlərindən yararlanmağa sövq edirlər. Təəssüflə qeyd etməliyəm ki, bəziləri efirdə, sosial mediada müxtəlif hərəkətlərlə, pozlar verərək, səs tonlarını dəyişərək, özlərini kouçinqlər, motivatorlar kimi təqdim edərək, böyük məbləğlər qarşılığında insanların psixologiyasi ilə oynayır, onları rahatlıqla ələ alır və istismar edirlər.
– Xüsusən də bəzi “psixoloqlar” ailə dəyərlərinə zidd, milli -mənəvi dəyərlərdən uzaq, insanların həssas nöqtəsinə toxunan, cəmiyyətdə fikir ayrılığı yaradan və çaşqınlığa səbəb olan açıqlamalarla daha çox gündəmə gəlir və təəssüf ki, bu hal getdikcə daha da artır. Maraqlıdır, nə üçün ciddi fəaliyyətlə yox, belə qeyri-ciddi açıqlamalarla gündəmə gəlmək istəyirlər?
– Öncə deyim ki, insanların bu yöndə maarifləndirilməsi çox vacibdir. İstənilən şəxs psixoloqa müraciət edərkən, hansı kriteriyalara fikir verməli olduğunu bilməlidir.
Digər tərəfdən, psixoloq fəaliyyəti ilə məşğul olan şəxslər fəlsəfə açmamalıdırlar. Məsələn, bəziləri elə düşünür ki, pasientlərə fəlsəfədən danışmalıdırlar və onlar da bunu özlərinə prioritet seçib, həyatlarını qurtaracaqlar. Ancaq bu, belə deyil. Çünki psixologiya çox geniş bir elmdir. Hər psixoloqun özünəməxsus istiqamətləri olmalıdır. Belə ki, sosial psixoloq, uşaq psixoloqu, hüquq psixoloqu, psixoterapevtlər tamamilə fərqli-fərqli sahələrə aiddir. Bunlar üzərindən ciddi işlər apararaq bir nəzarət mexanizminin yaradılması həm insanlara keyfiyyətli psixoloji yardımların edilməsi, həm də “psixoloqlar”ın fəaliyyətinin məhdudlaşdırılmasına şərait yarada bilər.
İndiki bəzi psixoloqlar insanlarda belə bir fikir formalaşdırıblar ki, sanki psixoloqun işi ancaq qarşısındakını dinləmək, onunla söhbət etməkdir. Və çox vaxt da qeyri-peşəkar psixoloqlar öz həyat təcrübələrini qarşı tərəfə söyləməklə, çox ciddi xətaya yol verirlər. Amma unutmaq olmaz ki, biz insanların ən son psixoloji vəziyyətini dəyərləndirməli, onu həmin vəziyyətdən çıxarmağa kömək etməliyik. İnsanların aldığı tramvalar onların həyat tərzinə çevrilməməli və əsl psixoloqlar tərəfindən aradan qaldırılmalıdır. Əgər bir psixoloq həmin tramva ilə düzgün işləməzsə, onu səhv istiqamətə yönəldərsə, bu pasienti intihar həddinə qədər aparıb-çıxarar.
– Sizcə, bu mənfi tendensiyaya qarşı necə mübarizə aparmaq lazımdır?
– Əslində saxta psixoloqların bu qədər azğınlaşmasına səbəb istər təhsildə, istərsə də səhiyyədə onlara qarşı ciddi nəzarətin olmamasıdır. Vergiyə cəlb olunmamaları, əksəriyyətinin fərdi şəkildə bu sahə ilə məşğul olması və onlara hər hansı bir qurum tərəfindən nəzarət olunmaması bugünkü vəziyyətə gətirib çıxarıb.
Mərahim Nəsib,
KONKRET.az