backend

"Bəziləri nikahsız yaşamağa aludə olublar, elə bilirlər, normaldır" — Deputat

“Təəssüflər olsun ki, bəziləri müasirliyi əxlaqsızlıq kimi yozur. İnsan hüquq və azadlıqları başqa şeydir. Azadlıq adət-ənənə, qanunlar çərçivəsində fəaliyyəti nəzərdə tutur. Hesab edirəm ki, ailə qurulursa, mütləq rəsmi nikah olmalıdır”.

KONKRET.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, rəsmi nikah olmadan birgəyaşayış yolverilməzdir: “Nikahsız niyə olmalıdır ki? Nikah yoxdursa, necə bilmək olar ki, bu, ailədir. Əvvəllər rəsmi nikahla yanaşı, kəbin də olurdu. Bunu daha çox ağsaqqallar tələb edirdi. Hazırda, demək olar, bunu etmirlər. Bütün hallarda münasibət rəsmiləşdirilməlidir. Müasirlik həm də hüquqa, qanuna hörmət etməkdir. Təəssüflər olsun ki, vətəndaş nikahı ilə yaşayanlar da var. Avropada nəinki nikahı rəsmiləşdirmirlər, hətta uşağın doğulmasını belə, ləngidirlər ki, lazım deyil. Deyirlər, nə fərqi var, övlad oldu, ya olmadı, özümüz rahat yaşayırıq. Belə olan halda, ailə institutu dağılır, cəmiyyətin əxlaqi dəyərləri heçə enir. Bu, dini cəhətdən də yolverilməzdir. Roma imperiyasında əxlaqsızlıq o dərəcədə yayılmışdı ki, qarşısını ala bilmirdilər, nəticədə imperiya ciddi şəkildə laxladı, mənəvi dəyərlər deqradasiya oldu. Bəzi filosoflar deyirlər ki, imperiya əxlaqsızlıqdan dağıldı. Biz Azərbaycanda yaşayırıq, türk xalqıyıq, dinimiz islamdır, adət-ənənəmiz var. Qanunların əsas mənbəyi adətlərimizdir. Niyə görə azyaşlı qızı qaçıranda, bu əməli törədən şəxsə cəza verilir? Çünki olmaz. Nikah rəsmiləşdirilsin, sonra hara gedirlər, getsinlər, yaşasınlar. Bir-birilərini tanımaq üçün gərək ər-arvad kimi yaşasınlar? Bir-birilərini tanısınlar, sonra ailə qurmaq haqqında düşünsünlər. İndiyədək necə evləniblər? Tanış olublar, ailələri gediş-gəliş ediblər, sonra evləniblər… Bəziləri nikahsız yaşamağa aludə olublar. Elə bilirlər, doğrudan da, normaldır… Ailə avtomobildir, evdir, xoşun gəlməyəndə dəyişəsən? Həvəskar, qeyri-ciddi münasibətə görə ailələr dağılır, bunun da əzabını hamımız çəkirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*