Suriyanın Turizm Nazirliyi ölkədə fəaliyyət göstərən ictimai çimərliklərdə və hovuzlarda qadın və kişilər üçün yeni geyim qaydalarını açıqlayıb. Yeni qərara əsasən, qadınların ictimai çimərliklərdə yalnız burqa və ya bütün bədəni örtən mayo geyinmələri məcburidir.
KONKRET.az xəbər verir ki, Suriyanın Turizm naziri Mazen əl-Salhani bu barədə sosial şəbəkə üzərindən paylaşım edərək bildirib ki, istər turist, istərsə də yerli sakin olsun, hər kəsin ictimai çimərliklərdə və hovuzlarda cəmiyyətin zövqünü və müxtəlif təbəqələrin həssaslığını nəzərə alan geyimlərdən istifadə etməsi vacibdir.
Nazirliyin açıqladığı göstərişə əsasən, qadınlar çimərlik və digər yerlər arasında hərəkət edərkən bikininin üzərindən plaj örtüyü və ya bol bir xalat geyinməlidirlər. Kişilərə isə hovuz və çimərlik zonaları istisna olmaqla, digər ictimai yerlərdə köynəksiz gəzmək qadağan edilib.
Yeni qaydalara əsasən:
İctimai yerlərdə, xüsusilə restoran və otel lobbilərində üstsüz gəzməyə icazə verilmir.
Çimərlik və hovuz əraziləri xaricində omba və dizləri örtən, bədənə yapışmayan, şəffaf olmayan geyimlərin geyinilməsi tövsiyə edilir.
Turistlərin daha çox üz tutduğu, beynəlxalq və 4 ulduzlu otellərdə, eləcə də özəl çimərlik və hovuzlarda isə klassik Qərb tərzi mayolarına icazə veriləcək.
Qeyd edək ki, “CNN International”ın yaydığı məlumata görə, qaydalara əməl etməyənlərə hansı cəzanın tətbiq olunacağı hələ dəqiqləşməyib.