Azərbaycanda 50-dən çox zəvvarın Kərbəla ziyarəti adı ilə aldadılmasına dair xəbər dərc edilib. İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında öyrəniblər. Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.
Məlum olub ki, bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylarladır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər. Zərəçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü Hacı xanım kimi təqdim edən şəxsi şöbəyə aparıb.
KONKRET.az xəbər verir ki,referans. az hadisənin təfərrüatı ilə maraqlanıb. Zəvvarların pulu ödədiyi Hacı xanımla əlaqə saxlayıb. Zəngə Hacı xanımın oğlu cavab verərək bildirdi ki, anası zəvvarların qrup rəhbəri olub. Onun anasını da məhz bu məsələdə aldadıblar:
“Şirkətin adı “Romance Travel” olub. Anam da aldadılan şəxsdir. Biz də dünən öyrənmişik ki, biletlər saxtadır. Heç nədən xəbərimiz olmayıb. Bileti bizə satan şəxslər, Leyla adlı xanım və Hüseyn adında bəydir, polis artıq onları saxlayıb. Ziyana düşən bizik, birinci dəfə deyil ki, Kərbalaya gedirik. Dünən öz cibimizdən aldadılan 20 – yə yaxın şəxsin zərərini yerində ödəmişik. Bu gün də 11 -12 nəfər qalıb, onların puılunu ödəyəcəyik”.
Hacı xanımın oğlu bildirib ki, anasının günahı olsa, hökümət onu həbs edərdi: ” 50 nəfəri aldatmaq olar? Bizim xəbərimiz olmayıb. Anam şikayətçi tərəfdir”.
Aldadılan zəvvar xanımlardan birinin oğlu İmişli rayon sakini Həsənov Mərhəmət də saytımıza danışıb. O bildirib ki, onlardan alınan məbləğ hələ ki, geri ödənilməyib. Anası hazırda bu məsələlərdən dolayı narahatdır: “Hacı xanımın doğru danışıb -danışmadığını bilmirəm. Ola bilər əlbirdirlər. Zəvvarlar həmin günü hava limanına gedən zaman aldadıldıqlarını öyrəniblər. Deyilənə görə bunu qrup rəhbəri Hacı xanım bilirmiş. Lakin o razı olub ki, insanlar aldadıldıqlarını məhz gəlib özləri gözləri ilə hava limanında görsünlər. Bu zaman “Romance Travel ” şirkətinin xanım əməkdaşı da orada olub”.
Şikayətçi şəxs bildirib ki, aldadıldığını öyrənən insanlar orda xanımla dava salıblar: “Heç kimin haqqına girmirəm ki, əlbirdilər. Amma, baş verənlər şübhələnməyə əsas verir”.