Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərində yerləşən parklanma yerlərinin qiymətində artım müşahidə olunur. Maraqlıdır, parkinq yerlərinin ayrıca satılması əvəzinə, mənzilin ümumi dəyərinə daxil edilməsi daha məqsədəuyğun olmazdımı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son aylarda paytaxtda yerüstü və yeraltı parklanma problemi getdikcə dərinləşir:

“Ölkəyə idxal olunan nəqliyyat vasitələrinin sayı artdıqca, parklanma məsələsi daha da çətinləşir. Əvvəllər yalnız köhnə yerüstü qarajların qiymətində artım müşahidə olunurdusa, indi yeni tikililərin zirzəmilərində yerləşən qarajların da bahalaşmasının şahidi oluruq. Daşınmaz əmlak bazarındakı ümumi qiymət artımı fonunda bu, normal hal kimi görünür, lakin tikinti şirkətləri bundan sui-istifadə edirlər”.
Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri mənzil satışından sonra qaraj yerlərini ayrıca, şişirdilmiş qiymətlərlə satmağa çalışırlar:
“Mənzil alıcısına qaraj təklif olunur, lakin çox vaxt alıcı həmin yeri almaqda maraqlı olmur. Şirkət isə bilir ki, həmin qaraj yerlərinə sonradan alıcı tapacaq. Çünki yaşayış komplekslərində qarajların sayı məhduddur və təklif az olduğu üçün qiymətlər bazar dəyərindən yuxarı olur”.
Elnur Azadov əlavə edib ki, ölkədə qaraj yerləri iki formada, satış və icarə üçün təklif olunur. Bu isə tikinti şirkətinin müəyyən etdiyi siyasətdən asılıdır:
“Əgər binanın tikintisi başa çatdıqdan sonra qarajlar satılmayıbsa, şirkət onları özündə saxlayır və icarəyə verir. Beləliklə, həmin yerlər şirkət üçün ömürlük gəlir mənbəyinə çevrilir. Halbuki, qanuna əsasən bina istismara verildikdən sonra 6 ay ərzində müştərək cəmiyyət yaradılmalı və ümumi əmlak bu cəmiyyət tərəfindən idarə olunmalıdır”.
Ekspert vətəndaşlara tövsiyə edib ki, mənzil alarkən müqavilədə qaraj yerlərinin gələcək istifadəsi və idarəetmə mexanizmi ilə bağlı maddələrin qeyd olunmasını mütləq tələb etsinlər:
“Vətəndaş bilməlidir ki, mənzil aldıqda yalnız yaşayış sahəsini deyil, həm də lifti, həyətyanı sahəni və qarajı əhatə edən ümumi əmlak payını əldə edir. Bu sahələr ədalətli idarə olunmalıdır. Qarajların mənzillərlə birlikdə satılması praktikası çox az hallarda tətbiq olunur, çünki yeraltı qarajların tikintisi şirkətlər üçün çox baha başa gəlir”.
Elnur Azadovun sözlərinə görə, Bakıda bütün yeni yaşayış komplekslərində qaraj çatışmazlığı müşahidə olunur və bu da qiymət artımının əsas səbəblərindən biridir.
Aynurə İsmayıl
KONKRET.az
