Kimlərinsə hesabına Parlamentdə əyləşən bir deputat var, tənqidə əsla dözümü yoxdur, dərhal adamı dostluqdan silir, üstəlik bir status da guppuldadır şərəfinə.
Deputat olmamışdan qabaq da, elə indi də işi-gücü kimisə qaralamaq, “məqsədinə” nail olmaq üçün ünvanına palaz-palaz tənqidlər yazmaqdı. Əvvəllər ancaq anonim yazıb saytlara göndərirdi, indi isə bir az ürəklənib, kimisə statusunda hədəf göstərir, sonra kütləni hücuma keçirib, özü kənardan gözləmə mövqeyində durur. İndi də hansısa məclisdə rəqs edən müəllimi hədəf seçib. Ayıb deyilmi? Bir xanım, bir müəllim, bir təhsil işçisi barədə belə ədəbsiz formada kampaniya aparmaq deputata, təhsil ekspertinə, ümumiyyətlə, kişiyə yaraşarmı? Əminəm ki, o video da elə bu şəxsin əli ilə sosial mediaya sızdırılıb.
Bu gün görüb ki, əksəriyyət müəllimi haqlı çıxardı, ürəyi soyumayıb, yenidən paylaşım edir, müəllim andını xatırladır. Ay əmi, müəllim insan deyilmi?! O, gəzməyi, əylənməyi, musiqi dinləməyi, rəqs etməyi hamımızdan çox haqq edir. Evdə iki uşaqla baş edə bilmirik, məktəbdə o qədər uşağın stresini atmağa haqqı çatmırmı o müəllimin? Elə sizin kimi düşünənlərin ucbatından müəllim-şagird münasibətləri alt-üst olub, uşaqlar müəllimə hörmət qoymur, müəllim də bütün acığını şagirdləri döyməklə çıxır.
Ayıbdır vallahi, belə olmaz, bu, tənqid deyil, məhz qərəzdir, ədavətdir, aşağılamaqdır, təhqirdir, qadın, müəllim adını alçatmaqdır. Millətin “N” qədər dərdi, problem var, yazmağa söz tapmırsansa, həmin məsələlərdən yaz, çarə göstər, camaatın dərdinə dərman elə. Məsələn, yaz ki, millət bu zəhrimar “Formula 1” illətindən xilas olmaq istəyir. Yaz ki, mağazalarda qiymətlər od tutub yanır, aldığımız maaş borclarımızı ödəməyə çatmır heç. Bunlardan yaz, biz də deyək, oğulsan.
Rumiyyə Miraslan