“Azərbaycanda işıq və qaz qiymətlərinin formalaşması ilə bağlı qanun layihəsi hökumətin kommunal xidmətlər sahəsində yeni və dayanıqlı modelə keçməyi planlaşdırdığını göstərir. Qanun hələ layihə mərhələsində olsa da, onun hazırlanaraq parlamentə təqdim edilməsi, yaxın gələcəkdə bu sahədə əhəmiyyətli dəyişikliklərin baş verəcəyinə işarədir”.
Bu fikirləri İqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlmasında bildirib.
“Yeni modelə əsasən, vətəndaşlar elektrik enerjisi və qazdan istifadə etməsələr belə, müəyyən olunan minimal məbləği ödəməli olacaqlar. Bu yanaşma dünya praktikasında geniş yayılıb və ABŞ, Avropa ölkələri, eləcə də Qazaxıstan və Türkiyədə tətbiq olunur.
Sabit tarifin tətbiq olunmasının əsas səbəbi, enerji infrastrukturunun saxlanması, xidmətlərin fasiləsiz təşkili və qəza hallarında operativ tədbirlərin görülməsi üçün çəkilən xərclərlə bağlıdır. Vətəndaş enerji istifadə etmədikdə belə, sistemin daim işlək vəziyyətdə saxlanması üçün resurslar sərf olunur. Bu da dövlət üçün ciddi maliyyə yükü yaradır. Yeni model həmin xərclərin bir hissəsinin vətəndaşlar tərəfindən ödənilməsini nəzərdə tutur”.
Ekspert qeyd edib ki, layihə üzərində müzakirələr davam edir və hansı mexanizmin tətbiq olunacağı hələlik dəqiqləşməyib.
“Müzakirələrdə əsas suallardan biri sabit tarifin ümumi istehlaka əlavə olunması, yoxsa istifadədən asılı olmayaraq minimal məbləğ kimi ayrıca müəyyənləşdirilməsi ilə bağlıdır. Əgər minimal məbləğ müəyyənləşdirilərsə və istehlakı keçdikdən sonra əlavə ödəniş tələb edilməzsə, bu zaman bir mənzili olan vətəndaşlar üçün əhəmiyyətli maliyyə yükü yaratmayacaq.
Lakin bir neçə mənzili olan şəxslər sabit tarifi hər əmlak üzrə ödəməli olacaq. Bu da onların xərclərinin artması ilə nəticələnə bilər. Eyni zamanda, layihədə sosial baxımdan həssas təbəqələrin müdafiəsi üçün güzəştli mexanizmlərin tətbiqi gözlənilir”.
Ekspert bu dəyişiklikləri uzunmüddətli və dayanıqlı model kimi qiymətləndirir.
“Qanun qüvvəyə mindikdən sonra modelin tək mənzili olan şəxslərin maraqları nəzərə alınmaqla tətbiqi ehtimal edilir”.
Aynurə İsmayıl
KONKRET.az