YOL…
Yol mənim üçün müqəddəsdir. Getdiyin yolun niyyəti olmalıdır. Vardığın son mənzildə onun bədəlini mütləq ki verəcəksən. Həmişə bu inanca sığınmışam…
Mətbuat günü ərəfəsində özümə Zəfər yoluna yolçu olmağı seçdim. O Zəfər yolu ki yüzlərlə igidimizin qanı ilə suvarılıb. Onların torpağa qovuşan bədən parçaları bu yurdun sinəsində çiçəklərə çevirilib.
Yolçu yolda gərək…
Turun bələdçisi Elmar savadlı, vətənpərvər gəncdir. Zəfərimizdən sonra bu torpaqlara ziyarətə gələn insanlara sevə – sevə bələdçilik edir. Yalnız azad etdiyimiz torpaqlara edilən turlarda bələdçi kimi çalışır. Hər hadisə hər görülən iş haqqında ətraflı məlumat verir. Düşünürəm ki, məhz belə gəncləri dövlət strukturları daha ciddi və məqsədyönlü hazırlamalıdırlar. Çünki onların təqdimatı bu torpaqlar qədər əhəmiyyətlidir.
Azad etdiyimiz torpaqlara yaxınlaşırıq. Səsi dəyişir. Səslə bərabər bütün avtobusda əyləşənlərin nəfəsi də dəyişir. Sanki bir anlığa bütün nəfəslər tutulur. Qulağı batıracaq səssizlik…
Cəbrayıl və Zəngilan
Cəbrayıl rayonuna daxil oluruq. Dağılmış evlər ox kimi insanın qəlbinə saplanır. Dağıntıların fonunda dəmir yolu xətti çəkilir – ümid kimi, gələcəyə gedən işıq kimi. Bu yol, gavurlar tərəfindən dağıdılmış bir elin özünə qayıdışıdır. Bu yolla cəbrayıllılar onlar üçün susamış bu torpaqları əlləri ilə sulayacaq. Düşünürəm ki, torpaqlar da bizim üçün, qulluğumuz üçün darıxıblar.
Yol boyu sağda – solda üzüm bağlarının yarpaqlarında bərq vuran günəş şüası yeni nəfəsin işartısı kimi qəlbimizi isidir…
Yol uzanır – yanğı kimi, isti nəfəs kimi… Qulaqlarımda igidlərimizin bu yollarda addımlayan ayaq səslərini, döyünən ürəklərini hiss edirəm…
Uzaqdan Xudafərin körpüsü görünür. Təpənin o üzündə Vətənimin bir parçası qalıb. Parça-parça bölünməmizin bütövləşmə dönüşünü yaşayırıq. İnşallah…
Zəngilan…
Zəngilan rayonuna qədəm qoyuruq. Uçurulmuş, himinə kimi dağıdılmış evlər nisgilli insan talelərinə bənzəyir. Tələbə yoldaşım Saranı xatırlayıram. Tələbə vaxtı köçkün düşmüşdü bu torpaqlardan. Nisgilimizi azaltmaq üçün hərdən zarafat da edirdik. Qaçqınam deyəndə zarafatla bildirirdim ki, mənim statusuma girmə, sən köçkünsən. Bu dağınıqlıq onun gözlərində var idi, yarım qalmış arzuları kimi. Bəzi evlərin dörd divarından yalnız bir divarı qalıb. Vəhşəti, düşmənin nə qədər acımasız olduğuna şahidlik etmək üçün…
Ağalı və Qubadlı…
Ağalı kəndinə daxil oluruq. Avtobusdakılar şükranlıq içində hərəsi bir tərəfə üz tutur. Cəbrayıl və Zəngilan rayonunun dağıdılmış kəndlərindən sonra Ağalı bir ümid, yeni bir nəfəs kimi qarşılanır.
Hamı toplanır – sanki növbəti sınağa hazırlaşır. Xatirimə döyüşlərin getdiyi vaxt igid oğullarımızın çəkdiyi kadrlar gəlir. Bu torpaqlardan sürünərək “İrəli!” hayqırışları qulaqlarımda çınlayır.
Bələdçimiz Elmarın səsi dağılmış fikirlərimizi toparlayır: “Bura isə Qubadlı rayonunun yenidən inşa edilən Zilanlı kəndidir”.
Buradakı yaşıllıqlar, yol boyu bizə yön verən Həkəri çayı yaralarımıza məlhəm olur. İrəlilədikcə Sarı aşığın kəndini görürük, yenə erməni gavurları tərəfindən uçurulmuş evlər, yandırılmış qurumuş ağaclar beynimi düşüncələrimi yandırır. Qura bilməyəcəyin bir yurdu niyə məhv edəsən axı? Özüm də cavab verirəm – düşmən hədsiz, insanlıqdan uzaq biridir.
Hər tərəfdə tikinti-quruculuq işləri gedir. Hər rayona girəndə nədənsə bu torpaqlardan tanıdığım insanları xatırlayıram. Bilmirəm, bu nə duyğudu, amma qaçqınlıq, köçkünlük biz nəsil insanların ən böyük yarasıdır. Bu yaranın ən acısını yaşıyanlardan biri də AzTV-dən tanıdığım, illərdir mətbuatda qələminə sarılıb, ağrılarını yazan, şəhid bacısı Rəhilə Soltanqızı ilə xəyali danışıram. Nələr çəkdiyini, hansı ağrıları yaşadığını daha aydın görürəm. Birinci Qarabağ müharibəsində qardaşının cənazəsini 20 gün sonra atası gizli yollarla gedib Laçının Suarası kəndindən çıxararaq Həkəri çayının sahilində yuyubmuş. İndi Həkəri çayının dili olsaydı, neçə Şəhidi gördüyünü deyərdi…
Tələbəlikdə biri var, biri yoxla çarpışaraq, oxuya-oxuya özünü sözə, mətbuata atan tələbə yoldaşlarım Fadil, Könül, Rəmziyyəni xatırlayıram. Bu gördüyüm viranəliklər onların qəlbində, yaşantılarında iz salmışdı. O nisgil buradan yol almışdı…
Laçın…
Şəninə nəğmələr qoşulan gözəl Laçın! Həyətlərdən, evlərdən insan nəfəsi duyulur. Yenidən qurulan evlər kəndlər millət olaraq necə böyük bir əzmə malik olduğumuzu bir daha təsdiqləyir. Təpədə salınan seyrangahından gözəl Laçını təkrar – təkrar gözümüzün yaddaşına köçürürük.
Həkəri çayında əl – üzümüzü yuyub, çayın şırıltısında bu torpaqlar uğurunda can qoyan igidlərin Ruhuna dualar oxuyuyub üzü Şuşaya, Xankəndiyə tərəf davam edirik…
Dağları, dərələri seyr edtdikcə lənətə gəlmiş düşmənə nifrətim lap da artır. 30 il bu torpağın insanına zülm etdilər. Bu yerlərin səfasına həsrət qaldıq. Bakımızı yüklədikcə yüklədik. Maddi -mənəvi o qədər yükləndik ki, nəfəs almaz olduq. Nəfəsi bizə verən igidlərin əzminə, cəsarətinə heyran oluram. Sizi hansı Analar doğdu, hansı gündə, hansı ürəklə?! Ruhunuza qurban olduğum. Bu dağları, bu yoxuşları necə aşdız? Dağlardan aşağı baxanda insanın ürəyi titrəyir. Can şirindi axı…
Gözümü yummaq istəyirəm, həmən də bu fikrimdən xəcalət çəkirəm. Bəs o şəhidlərin ürəyi nədən idi? Heçmi bu yolları keçəndə üşənmədilər? Şuşaya kimi gedən igidlər Aslan parçası, Qurd ürəkli oğullar idi…
İsa bulağına çatırıq …
Hamı ağzında dualarla buz kimi bulaqdan su içir. Bulaq başına düzülən fincanlarda igid oğullarımızın təsviri var. Bir-bir bu fincanlarda su içib boğazımızda düyümlənən qəhəri udmaq istəyirik…
Şəkillərdə gözündən gülən kim, ümidlə, qətiyyətlə baxan kim…
Bu yarımçıq qalmış talelər nələrdən, kimlərdən danışmır insana. Hər yer şəhidlərimizin cənnət qoxusudur. Hər köşə qazilərimizin izidir…
Üzü Xanın kəndinə gedirik – Xankəndiyə…
İllərlə bizə göz dağı olan Xankəndiyə! Şükür bu günə, şükür bu günü bizə yaşadana. İçimdə anlaşılmaz, qarmaqarışıq duyğular çarpışır. Bəzi küçələri, tikililəri öz qürbətdəki elimə – Dərələyəzə bənzədirəm. Ətrafda yol kənarı ilə gedən arxlar, ağaclar, şəhərsalma üslubu oranı xatırladır…
Şuşa …
Əziz Şuşa! Biz səni dirçəldəcəyik…
Şuşanın yeddi dolama dedikləri yolla gedirik. Çox riskli aşırımlardır. Sürücümüz Ramal hər həftə buralara gəldiyindən çox güvənli və sürətlə irəliləyir. Arada bizə dəstək də olur. İçimdəki səs bu qalaya dırmanan oğulların hayqırışına qarışır. Qəhər boğazımda düyümlənib. Sevinc və hüzn bir arada boğur məni. Çox qəribə hisdir…
Döyüşən oğulların cəsarətinə, vətən sevgisinə heyran olmaya bilmirsən. Gözəl Şuşa uğruna nə igidlər qanını tökdü, nə canlar qurban oldu! Nə qədər müqəddəssən Sən…
Küçələri bir-bir gəzirik. Məşədi Zülfüqarın evi, Məşədi İbişin evi. Evlərin hamısı insanların həyatı kimi darmadağındır. Kimlərinsə gülüb keçdiyi bu evləri xarabalıq gülləri basıb. Sahibini itirmiş bu evlər kol-kosnan özünü ovutmaq istəyir. Bu vəhşilər insanlıqdan kənar nə varsa, onu ediblər. Təkcə insanlarımıza deyil, daşa, torpağa, ağaclara da divan tutublar.
Yuxarı Gövhər ağa məscidinə gedirik. Azan səsi bütün ruhumuza məlhəm kimi yayılır. Xan qızı Natəvanın evi bütün acılara, vəhşiliklərə şahidlik edərək hələ də ayaqdadır. Divarlar keçmişi, tariximizi özündə qoruyub-saxlayır. Bütün küçələrdə təmir-bərpa işlərini Heydər Əliyev Fondu aparır. İnşallah bir neçə ildən sonra bu evlərə yeni nəfəs gələcək…
Şuşa səfərimizin pik nöqtəsi – Cıdır düzünə çıxmağımız və oradan ətrafı seyr etmək idi. Bu seyr etmək də deyildi. Bu havanı, torpağı ciyərinə, ruhuna hopdurmaq idi…
Bizim qara nəfəs çıxdığımız yolları fəth edən Oğullarımızı, qərar verən Müzəffər Ali Baş Komandan İlham Əliyevi sayğı və minnətdarlıqla anıb Ağdamımıza üz tuturuq…
Yol boyu vəhşətin izlərini izlədikcə göz yaşımız boğazımızda quruyur. İnsanları kimi özü də dağıdılmış Xocalı…
Burda da yeni evlər tikilib, yolun sağı – solu bir birinə ziddir. Bir tərəfdə düşmənin viran qoyduğu evlər, digər tərəfdə Azərbaycanımızın qurub-yaratdığı evlər və yaşıllıqlar. Elə bu mənzərə kimin hansı xislətə malik olduğunu çox gözəl göstərir. Xocalıda yeni salınan qırmızı kirəmitli ağ evlər xocalılara ümid, yeni həyata səslənişidir. İnsanların məskunlaşdığı evlər artıq yaşıllaşıb. İnsan nəfəsi uzaqdan da olsa duyulur. Bütün yollarda kommunikasiya və kanalizasiya xətləri çəkilib və çəkilməkdədir.
Əsgəran …
Qalaya çatıb oranı da ziyarət edirik. Kimi şəkil çəkdirir, kimi dua edib salavat gətirir… Xatirimə Xocalı faciəsini yaşayan tanıdığım və tanımadığım insanların söhbətləri gəlir. Onların söhbətlərindən tanımışdım Əsgəranı. Az qala qınamışdım bu Qalanı, bu daş – divarı. Qardaş – bacımızı qoruya bilmədiyi üçün. Çarəsizlik pis mərəzdi, Tanrı heç kimə yaşatmasın. İnsan əlacsız qalanda yerdən – göydən də imdad diləyir…
Ağdamdayıq…
Hər yerdə tikinti işləri gedir. Nə qədər texnika, nə qədər işləyən insan var bu gözəl torpaqlarda. Bir vaxtlar döyüş poliqonu olan bu yerlər indi tikinti-quruculuq işlərinin getdiyi meydana çevrilib.
45 nəfərlik heyətdə bircə Ayselimiz ağdamlıdır, özü də müəllimdir. Səssizcə ağlayır. Səssizliyi insanın qəlbini göynədir. Göz yaşları içində doğmalarını evini axtarırmışcasına çırpınır- bu çarəsiz çırpıntıdır…
Ətrafı oğluna göstərir, uşaq vaxtı babası ilə məscidə gəldiyi günləri ona danışır…
Yollarda saysız-hesabsız texnika işləyir. Yol bağlı olduğundan düşüb Ağdam Cümə məscidinə yollanırıq. Cümənin axundu bizi qarşılayır. Olub bitənləri böyük ağrılarla izah edir. Gavurların məscidi tövləyə çevirdiyi fotoları göstərir.
Deyir: “Məscidin içi o qədər murdarlanmışdı ki, maşın-maşın torpaq qazıb apardıq ki, havası dəyişsin”. Erməninin əməli də özü kimi üfunətlidir. Minarələrə baxıram, ətrafı gəzirəm. Rəhmətlik hərbi operatorumuz Seyid Ağa Mövsümovun müharibə dövründə burada çəkdiyi kadrlar yadıma düşür. Qız – gəlinin çığırtısı, qışqırtısı hələ də qulaqlarımda çınlayır. Bu divarlar hansı acılara şahidlik edib – sözlə ifadəsi çətindir. Bütün bu acılara rəğmən, ətrafdan gilab ətri gəlir…
Bir vaxtlar ulu öndər Heydər Əliyevə əsir Ağdamdan gətirilən kiçik daş parçasının məsciddə sərgilənməsi ibrətlik dərsdir. Əlbəttə ki, analayana…
Niyyətlilər namaz qılır. Dərin-dərin səssizlikdə yerə döşənən xalıların üzərində əyləşib, bu səssizliyi duymaq istəyirəm. Mən onlarla səssizcə danışmaq istədim. Deyirlər ruhların olduğu yerdə səsizlik danışar…
1868-ci ildə inşa edilən Ağdam Cümə məscidinin qapısının üzərində yazılan ayə xəyalən məni uzaqlara apardı. Bu ayə yalnız döyüşə gedən ordunun bayraqlarında yazılarmış. “Həqiqətən biz sənə açıq – aşkar bir qələbə bəxş etdik”. Çox qəribə tarixçəsi var bu ayənin. Peyğəmbəri tərəfdarları ilə bərabər Məkkədən çıxmağa məcbur edirlər. Mədinədə məskunlaşan müsəlmanlar mədinəlilərlə bərabər üç müharibədə iştirak edirlər. Bədr, Uhud və Əhzab döyüşləri. Altı il sonra Məhəmməd peyğəmbər 1400 müsəlmanla Məkkəyə Həcc ziyarətinə yollanır. Yolda Hüdeybiyyə adlı yerdə qureyşilərlə qarşılaşırlar. Onlar müsəlmanların Məkkəyə daxil olmasına icazə vermirlər. Tərəfdarlar üsyan edir və döyüşərək Məkkəyə girmələrini tələb edirlər. Məhəmməd Peyğəmbər razılaşmır və danışıqlara gedir. Qureyşilərlə müsəlmanlar arasında 10 illik sülh razılaşması imzalanır. Şərtlərdən biri də bu idi ki, müsəlmanlar bu il Məkkəyə girməyəcək. Amma gələn il 3 gün müddətində silahsız Məkkəni ziyarət edə biləcəklər. Bu razılaşma nəticəsində müsəlmanların sayı sürətlə artır. Onlar ideoloji və hərbi cəhətdən daha da güclənirlər. Qureyşilərin siyasi gücü isə tamam sarsılır.
Bu ayə Ağdam Cümə məscidinin qapısı üzərində yazılıb. Təsadüfdürmü, zərurətdirmi bilmirəm. Amma bu qədəri də olmur…Ağdamlılar Məkkədən güclə çıxarılan iman əhli Məkkəlilərin taleyini yaşadılar…
Nədənsə müharibə dönəmində bəzi qüvvələrin Ağdama, Xocalıya girməyən orduya qınağı yadıma düşdü. Demək Sərkərdə olacaqların fərqində idi. Ona görə Zəfər günümüzdə “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” mesajını verirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev məhz sazişlərlə, danışıqlarla Ağdama ağdamlılarla bərabər məkkəlilər kimi döyüşsüz girdilər. Bu ayəni yaddaşıma köçürüb, Ali Baş Komandanımız İlham Əliyevlə bərabər üzü Zəngəzura Qərbi Azərbaycanlılarla bərabər qayıdışımıza inanıram…
Sevda Hüseyn,
Xüsusi olaraq KONKRET.az saytı üçün…