Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.
KONKRETA.az “Report”a istinadən xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə media, dövlət və ictimaiyyət nümayəndələrinin iştirak ediblər.
Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 İyul – Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Daha sonra bir qisim media nümayəndəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medallarının təqdim ediləcəyi barədə məlumat verilib.
Tədbir çərçivəsində “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər medianın inkişaf mərhələləri, tarixi dönüş nöqtələri və gələcək perspektivlərini əhatə edən Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Yubiley tədbiri bədii hissə ilə davam etdirilib.
19:17
Bir sıra media nümayəndələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 ilik yubiley medalı ilə təltif ediliblər.
Yubiley tədbirində medala layiq görülən bəzi media nümayəndələrinin adları məlum olub.
Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medalları təqdim ediləcək.
Tədbirdə ilkin olaraq medallar Roza Tağıyeva, Dağbəyi İsmayılova, Cahangir Məmmədliyə, Mirşahin Ağayevə, Flora Xəlilzadəyə, Vasif Quliyevə, Qahirə Hüseynovaya, Qulu Məhərrəmliyə, Vüsalə Mahirqızına, Müsəllim Həsənova, Bəxtiyar Qaracaya təqdim edilib.
19:00
Medianın İnkişafı Agentliyi tərəfindən iyulun 22-də Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.