ADPU-nun Filologiya fakültəsinin dekanı, tanınmış alim-şairə Mahirə Nağıqızının 12 iyul Tovuz döyüşlərində Şəhid olanların əziz xatirəsinə həsr edilmiş “Dünən yazılan vərəq” şeirini KONKRET.az saytı təqdim edir:
DÜNƏN YAZILAN VƏRƏQ…
Ömür də qismətmiş, talemiş, eyvah,
Qədəri, ölçüsü – istəmə, istə…
Sevgi səpilərmiş, gör necə, Allah,
Təzə-tər gül kimi qəbirlər üstə.
Bu günkü tarixdir yaşanan indi,
Nəsillər dəyişər, qalar olanlar.
Hərəsi bir evin övladı idi,
İndi bir millətin oğludur onlar.
Torpağın bağrında yatar şəhidlər,
Ruhları göylərdə, yerə gömülməz.
Vətənin qəddini dikəldən əsgər,
Əbədi yaşayır, heç zaman ölməz.
Oğullar böyüyər onun adında,
Qəlbində hərarət, qanında hünər.
Olub keçənləri saxlar yadında,
Düşmən qabağında məğrur görünər.
O, özü olacaq, hökmün sahibi,
Duyar hardan gəlib, yoğrulub nədən.
Bilər ki, ona da əmanət kimi,
Saxlanıb, verilir əmanət Vətən.
Atılan mərmidir, danışan, dinən,
Tək ölüm dillənmir, onun səsində.
Bir tarix yazıldı Tovuzda dünən,
Polad var, İlqar var səhifəsində.
Ömür də qismətmiş, talemiş, eyvah,
Qədəri, ölçüsü- istəmə, istə…
Sevgi səpilərmiş, gör necə, Allah,
Təzə-tər gül kimi qəbirlər üstə…