BMT-nin riyakarlığı və ya dünya necə sürətlə dəyişir?backend

BMT-nin riyakarlığı və ya dünya necə sürətlə dəyişir?

1945-ci ilin oktyabrında müharibədən usanmış dünya dövlətləri vahid beynəlxalq qaydalar, ümumi nizamlama, sülh və əmin-amanlıq, ədalət naminə Birləşmiş Millətlər Təşkilatı adlı qurum yaratdılar…

İndi 1-ci abzası unut və həmin hadisəyə başqa rakursdan nəzər sal.

Bir zaman Hitlerin əl-qolunu açan, 1938-ci ildə onunla Münhen sazişi imzalamaqla Almaniyanın ərazi iddialarını dəstəkləyən Qərbi Avropa “iriləri”, həmçinin Almaniya ilə öz arasındakı geniş əraziləri tamahkarcasına bölən, bununla da Qərbi Ukrayna, Qərbi Belorusiya, Bessarabiya torpaqlarını, Litva, Latviya və Estoniya kimi müstəqil dövlətləri işğal edən digər faşist dövlət – SSRİ – faşist Almaniyasını və onun müttəfiqlərini sarsıtdıqdan sonra dünya dövlətləri və dünya xalqları üzərində öz hegemonluğunu təsdiqləmək və qüvvətləndirmək məqsədi ilə …BMT-ni yaratdılar.

Əgər məclis iştirakçılarının çoxunun, hamısının əks istəyindən sığortalanmaq üçün təsisçilər Nizamnamədə öz xüsusi özbaşınalığını, yekəxanalığını – veto hüququnu – rəsmiləşdirdilərsə, hansı ədalətdən danışmaq olar?!

ABŞ-ın təcavüzkar Almaniya və Yaponiya üzərində qələbəsi şəksizdir. Birləşmiş Ştatlar Britaniya ilə SSRİ-nin də siyasi, hərbi, iqtisadi, maliyyə uğurunun başlıca təminatçısı oldular. Son iki dövlət müharibənin acısını öz obaları və xalqı üzərində duymuşdu. Nə Böyük Britaniya, nə də Sovet İttifaqı sınmışdı. Fransa isə əməlli-başlı parçalanmışdı. Onu BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü beşliyinə ABŞ və Britaniya zorla, məntiqsiz gətirmişdilər. Necə ki, xaraba qalmış Çini kommunist qulaqlarından dartaraq oraya SSRİ gətirdi. İdeoloji tərəfdaş olsun deyə.

ABŞ, SSRİ və Böyük Britaniya Avropada qələbə çalaraq, məğlub Almaniyanı, qəribə olsa da, …4 yerə böldülər. Fransanın bu qələbədə rolu çox şərtidir. Azı ona görə ki, Parisdə Hitlerin oyuncaq hökuməti qurulmuşdu. Yəni, rəsmi Fransa Almaniyanın …müttəfiqi idi.

Qeyd: Osmanlı imperiyası dağıldıqdan sonra yaranan Türkiyə Respublikası heç vaxt heç kimə qarşı ərazi iddiasında olmayıb. Yalnız yunanlar Kiprdə türk soyqırımı törətdikdə, Ankara azğının başından vurub. Bu, işğal deyil. Müstəmləkə deyil. Fransa isə İkinci Dünya müharibəsindən sonra da, indiyədək uzaq ellərdə müstəmləkələrə malikdir. İndi, budur, xalqların haqqını pozan haqsız madam-müsyölər əfəndiyə haqçılıq dərsi keçmək istəyirlər. Pardon, yerinizi bilin – o, arxadadır! Sizin prezident Sarkozi Abxaziya ilə Cənubi Osetiyanı Rusiyaya güzəştə getməsi üçün Gürcüstan prezidenti M.Saakaşvilini …Putinlə hədələyir, qorxudurdu. Budurmu sizin böyük dövlətçiliyiniz və böyük siyasətçiliyiniz?!

Beləliklə, Almaniyanın faşist rejimi ilə yırtıcı sazişlər bağlayan Fransa, SSRİ və Böyük Britaniya, başlanmış Dünya Müharibəsini uzun müddət rahat izləyən ABŞ və “qalib” titulunu Kremldən hədiyyə alan Çin BMT-nin “haqsızlar beşliyi”nə üzv oldu. Bunun heç bir hüquqi və mənəvi əsası yox idi. Tezliklə Çinin statusunu qaldırmaq üçün Stalin Maoya …nüvə silahı hədiyyə verdi. Həmin beşlik üzvləri uzun illər nəinki BMT-də ədaləti əngəlləmək, həm də dünya dövlətlərini atom bombası ilə hədələmək imkanında oldular və bu çirkin işi davam etdirirlər.

BMT dünyada qayda yaratmaq mandatı alsa da, dünyada indiyədək ədalətli qayda yaradılmayıb, tez-tez dilə gətirilən “dünya nizamı” qətiyyən yoxdur.

BMT-nin qlobal və lokal problemlərə yanaşması, bir qayda olaraq, ikilidir, riyakardır.

Müasir dünyada BMT-nin hörməti, nüfuzu döşəməyə düşüb. Təşkilatın qərarlarına heç özü də hörmət etmir.

BMT-nin hazırda 192 üzvü var. 187 üzv Nizamnamənin 5 təsbeh sapına düzülüb və 5 dövlət bunları əlində oynadır. Halbuki, bu qayda demokratiya anlayışının heç bir əndazəsinə sığmır. Onlardan həm hüquq, həm ədalət, həm mənəviyyat baxımından üstün dövlətlər var. Lakin dünyada hələ də mənəviyyat daşıyıcıları deyil, ölüm səpən raketlərin sayı və gücü əsas meyardır.

BMT-nin nüfuzu bu gün Haaqa məhkəməsindən, beynəlxalq valyuta institutlarından, hətta Dünya Ticarət Təşkilatından aşağıdır.

Dünyanın nəinki kiçik və orta, eləcə də böyük ölkələrinə də beynəlxalq təşkilatlardan yalnız pulsuz humanitar yardım, iqtisadi güzəştlər, kredit və investisiyalar lazımdır. Məsləhət və tövsiyələrini, hətta tələblərini isə, ay Bı-Mı-Tı, saxla nənənin sandığında!

Amma BMT-ni elə də aciz bilmə. Əgər beşlik hər hansı siyasi vəziyyətdən asılı olaraq öz arasında dil tapırsa, iqtisadi sanksiya və hərbi zərbə yumruqlarını işə sala bilər. Yeni tarix bunu təsdiqləyir: Yuqoslaviya, İraq, İran, bəzi Afrika dövlətləri bu yumruqların ağrısını yaxşı duyublar. Lakin Ermənistanın Azərbaycanı işğal etməsi BMT-ni incitmir. Bilirik niyə. Bilməyən yoxdur. Prezident demişkən, deməkdən də bezmişik. Mövzunu dəyişdirmək lazımdır. Reallığı dəyişək – yeni gözəl mövzulardan danışarıq!

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*