BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin 88 əməkdaşı Qəzza zolağında həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı sənəddə bildirilir.
“Oktyabrın 7-dən bəri həlak olan humanitar işçilərin sayına UNRWA-nın 88 əməkdaşı daxildir. Bunlar BMT-nin indiyədək bir münaqişədə qeydə alınmış ən böyük itkiləridir”, – sənəddə deyilir.
Sənədi BMT baş katibinin müavini Martin Qriffits, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus, BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel və başqaları imzalayıblar. Onlar yenidən HƏMAS-ın götürdüyü girovların azad edilməsinə və Qəzza zolağında atəşkəsin əldə olunmasına çağırıblar.
“Qəzzada hərbi əməliyyatların başlamasından 30 gün keçdi . Hər şeyin həddi var. Buna son qoyulmalıdır”, – sənəddə qeyd edilir.
Ariz Həsənoğlu,
KONKRET.az