Boliviyanın ədliyyə və institusional şəffaflıq naziri Sesar Siles ölkə prezidenti Luis Arseyə istefa ərizəsi təqdim edib.
KONRKET.az xəbər verir ki, o, bu barədə X platformasında məlumat verib.
“Son günlərdə barəmdə əsassız şayiələr və ittihamlar haqqında xəbər tutdum. Ölkədə daimi hakimiyyətdə qalmağa çalışanlara, hökuməti zəiflətmək və ümumi seçkilərin keçirilməsinə mane olmaq istəyənlərə yeni bəhanə verməmək üçün sizə – dövlət başçısına – istefa ərizəmi təqdim edirəm”, – deyə Silesin Arseyə ünvanladığı və X platformasında dərc etdiyi məktubda bildirilir.
Ədliyyə naziri barəsində yayılan şayiə və ittihamların nədən ibarət olduğunu açıqlamayıb.
Silesin istefası Boliviyada artıq bir neçə gündür davam edən, sabiq prezident Evo Moralesin tərəfdarlarının təşkil etdiyi etiraz aksiyaları fonunda baş verib. Etirazlar zamanı dördü hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla altı nəfər həlak olub.
Qeyd edək ki, iyunun 5-də Siles hökumətin sabiq prezident Evo Morales barəsində prokurorluğa şikayət verdiyini bildirmişdi. Morales terrorizm, ictimaiyyət qarşısında cinayətə təhrik, nəqliyyat təhlükəsizliyinə təhdid, məhkəmə qərarlarına tabe olmama, dövlət əmlakının məhv edilməsi və seçki prosesinə mane olmaqda ittiham olunurdu. Hakimiyyət orqanları hesab edir ki, Morales tərəfdarlarının müxtəlif bölgələrdə yolları bağlaması vasitəsilə avqustun 17-də keçiriləcək prezident seçkilərində iştirak etmək məqsədilə təzyiq göstərməyə çalışır.