Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya ilə koordinasiyalı olaraq, qadınların hicab geyinməyə məcbur edilməsinə görə İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, onun müavini Məhəmməd Haşimi, Tehran meri Əlirza Zəkani və İran polisinin sözçüsü Səid Montazərə Böyük Britaniyaya giriş qadağası və aşkar edilərsə bank hesablarının dondurulması da daxil olmaqla, məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında “İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin əsas tərəfdaşı” adlandırılan Tehran şirkəti Arvan Cloud da sanksiyalara məruz qalıb.
Bəyanatda qeyd edilir ki, İrana qarşı məhdudiyyətlər 22 yaşlı Məhsa Əmininin ölümünün ildönümünə təsadüf edir. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 16-da İranda iğtişaşlara səbəb oldu. Rəsmi versiyaya görə, polis onu hicabını düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.
Ariz Həsənoğlu,
KONKRET.az