KONKRET.AZ dünya mediasına istinadla xəbər verir ki, Böyük Çin səddi Çinin simvolu və planetimizin ən qədim abidələrindən biridir. Problem isə səddin yoxa çıxmasındadır. Böyük Çin Səddinin 30 faizi artıq yoxdur və tarixin ən təsirli memarlıq xüsusiyyətlərindən birinin unudulacağı vaxt məsələsidir.
Hazırda bəzi yerlərdə Divar çox bərbad vəziyyətdədir. Uzunluğunun mohtəşəmliyinə baxmayaraq divar, artıq kosmosdan görünmür.
Çox sayda turist axını səddin vəziyyətinə mənfi təsir göstərir. Böyük Çin Səddi Cəmiyyətinin verdiyi məlumata əsasən, Səddin 1962 kilometrlik hissəsi əsrlər boyu “əriyib”. Bəzi divarlar kərpic və daşdan tikilsə də, külək və yağışın davamlı təsirlərinə tab gətirə bilmir. Bir çox qüllələr getdikcə titrəyir və yayda bir yağışda çökə bilir.
Ancaq Ana Təbiəti buna görə günahlandıra bilmərik. İnsanlar da Böyük Çin divarının dağıdılmasına görə məsuliyyət daşıyırlar. Çox kasıb insanlar ərazidən ev tikmək üçün kərpic götürürlər. Çin qanunlarına görə, Böyük Çin Divarından kərpic götürən insanlar 5 min yuanadək cərimə edilə bilər, ancaq qanunu tətbiq edəcək xüsusi bir təşkilat yoxdur. Turistlər də suvenirlərə ehtiyacları olduğu üçün kərpicləri oğurlayırlar.
Böyük Çin Divarı nə qədər dayanacaq sualına yalnız zaman cavab verə bilər.
Yeri gəlmişkən, bəşər tarixində gələcək nəsillərə insan əlilə yaradılmış çox heyrətamiz möcüzələrdən biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Vanli Çançen deyirlər.
Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li uzadılıb.
Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi.
Səddin bayır tərəfi yad torpaqlar adlanırdı. Buna baxmayaraq, ölkənin mühafizəsini yaxşı təşkil etmək naminə həmin yad torpaqlarda da 15 mindən çox gözətçi qüllələri tikilmişdi. Qüllədəki gözətçilər gündüzlər tüstü ilə, gecələr isə tonqal qalamaqla düşmənin gəldiyini xəbər verirdilər.
Deyildiyi kimi, 2450 kilometrlik səddin tikintisi cəmi on ilə – e.ə. 230-cu ildə başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. “Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır”. Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar MenTyanın əmri ilə qala divarlarına hörülürdü.
Sədd tikiləndən sonra onun mühafizəsi çox ciddi qorunurdu. Belə ki, bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi qarnizon, həm səddi, həm də səddin iç divarları boyu tikilmiş ambarları mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq üçün iç tərəfdən çoxlu pilləkanlar qurulmuş və yağış-qar suyunu kənara atmaq məqsədilə daş novlar qoyulmuşdu.
Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk hökmdarları Bilgə Xaqan, Mete, həmçinin Monqol imperatoru Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.
Min sülaləsi imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd – Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır.
Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir.
Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır.
LEYLA ŞİRMƏMMƏDOVA