“2021-ci il Azərbaycan üçün fövqəladə hadisələrlə yadda qaldı və kifayət qədər əhəmiyyətli proseslər baş verdi”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, ilk növbədə Azərbaycan Prezidentinin Moskva səfərindən başlamaq lazımdır: “Noyabrda imzalanan sazişin ardından fövqəladə vəziyyət dönəminin başa çatması fonunda tərəflərin Moskvada görüşməsi çox böyük önəm kəsb edirdi. Əsas məsələ tərəflərin öhdəliklərinə sadiq qalması və mərkəzdənqaçma meyllərinin olmaması idi. Bu baxımdan imzalanan birgə Bəyanatda sərhədlərin müyyən edilməsi, kommunikasiyaların açılması və mina xəritələrinin verilməsi kimi fundamental bəndlər öz əksini tapmalı idi”.
Əziz Əlibəyli ilin ən mühüm hadisəsindən biri kimi İlham Əliyevin Cıdır düzündən Azərbaycan xalqını təbrik etməsini xüsusilə vurğulayıb: “Prezident davamlı şəkildə müharibə və post-müharibə dönəmində Azərbaycan xalqının genetik yaddaşına ciddi şəkildə təsir göstərən müraciətlər etdi. Bilirsiniz ki, tonqal qalamaq Dədə Qorqud dastanından gəlir. Prezident Oğuz elinin varlığını və qələbələrini, yaxud səfərbər olmasını özündə əks etdirən tonqal qalamaq adətinə xitab etmişdi və bu çox önəmli proses idi. Eyni zamanda il ərzində ölkə başçısının işğaldan azad edilən ərazilərə səfərlər etməsi, həmin rayonlarla bağlı önəmli addımların atılması, Azərbaycan ordusunun qələbədən sonra NATO standartlarına uyğun qurulması prosesinə start verilməsi mühüm hadisələr kimi tarixə düşdü. Bundan başqa 15 iyunda Şuşa Bəyanatının imzalanması, müharibədən sonra Qafqazda yaradılan yeni geosiyasi mənzərənin tətbiqi və təhlükəsizliyin qarantı idi”.
“Digər önəmli məsələ “Zəngəzur” və “Qarabağ” iqtisadi rayonlarının yaradılması ilə bağlı atılan addımlar oldu. 7 iyul tarixində Prezidentin fərmanı ilə Azərbaycanda yeni iqtisadi rayonlaşmaya gedilməsi, köhnədən qalan üsul-idarə sisteminə qarşı atılmış addım idi. Bundan əlavə ilin ən önəmli məsələlərindən biri də Pakistanla yeni münasibətlərin yaranması oldu. Azərbaycan Türkiyə və Pakistanın birgə hərbi təlimləri 2021-ci ilin ən mühüm hadisələri arasında yer aldı. Bu həm də Azərbaycanın hərbi müttəfiqlərinin təkcə Türkiyədən ibarət olmadığını və əhatə dairəsinin genişliyini göstərdi. Füzuli Beynəlxalq Hava Limanının açılışı zamanı Ərdoğanın Azərbaycana səfər etməsi, Türk Dövlətləri Təşkilatının yaradılması, daha sonra Soçi və Aşqabad görüşlərinin keçirilməsi, BMT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşünün baş tutması ilin ən mühüm hadisələri kimi Azərbaycan tarixinə həkk edildi” – deyə ekspert vurğulayıb.
Əziz Əlibəyli 2022-ci ildən gözləntilərini də açıqlayıb: “Yeni ildə Böyük Qayıdış planının ilkin mərhələsinin icrasının başlanmasını görəcəyik. Hesab edirəm ki, Ermənistanla kommunikasiyaların, açılması, delimitasiya və demarkasiya prosesində razılığın əldə olunması baş verəcək. Bundan başqa Türkiyə və Azərbaycan münasibətləri özünün yeni mərhələsinə qədəm qoyacaq. Azərbaycan ordusunun peşəkar ordu sisteminə keçməsi prosesi baş verə bilər. Yeni ildə Laçın dəhlizi ilə bağlı ciddi addımların atılması mümkündür. Azərbaycanın təşəbbüsü ilə yolun çəkilməsi, Laçının tam təhvil verilməsi reallaşa bilər. Eyni zamanda Ermənistan-Azərbaycan arasında birbaşa münasibətlərin bərpası da bu il ərzində real görünür. Ölkədə daxili-siyasi idarəetmə sahəsində də hansısa surprizlərlə qarşılaşmağımız mümkündür”.
Əziz Əlibəyli əlavə edib ki, bu il də milli təhlükəsizlik məsələləri ön planda olacaq: “Azərbaycanın xarici siyasətində lobbiləşmə 2022-ci ildə çox güclü gedəcək. Çünki müharibədə məğlub olan Ermənistanın ciddi şəkildə səfərbər etdiyi qüvvələrin hücumları mövcuddur. Təəssüf ki, bunlar 2022-ci ildə də davam edəcək. Bizim də əsas enerjimiz xarici siyasətimizin daha geniş resusrlarının səfərbər olunmasına yönələcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az