“Brüssel görüşündə Ermənistanın Baş naziri kifayət qədər tutqun görünürdü”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məqalə dərc edib.
Nəşr bildirir ki, Nikol Paşinyan və İlham Əliyev danışıqlarda irəliləyiş əldə etməsələr də, yeni görüş barədə razılığa gəliblər.
“Bazar günü, mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli danışıq olub.
Görüşün təşəbbüskarı olan cənab Mişelin dediyi kimi, onun məqsədi Cənubi Qafqazda normallaşmaya nail olmaq və sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırmaqdır.
İclasın sonunda Avropa Şurasının rəhbəri jurnalistlərin qarşısına tək çıxıb. Onun açıqlamasına görə, heç bir irəliləyiş olmayıb. Danışıqların əsas nəticəsi ondan ibarətdir ki, iştirakçılar iyul ayında eyni məkanda və eyni tərkibdə görüşmək barədə razılığa gəliblər.
Ümumi görüşdən əvvəl iştirakçılar Azərbaycan, Avropa İttifaqı və Ermənistan bayraqları altında şəkil çəkdirdilər. Kamera qarşısında əl sıxma olmadı. Ermənistanın Baş naziri kifayət qədər tutqun görünürdü. Azərbaycan lideri sakit idi və demək olar ki, nəzərə çarpan təbəssümünü güclə saxlayırdı. Şarl Mişel vəziyyəti sakitləşdirməyə çalışaraq açıq gülümsəyirdi”, – deyə nəşr yazıb.
Xuraman Etibarlı,
KONKRET.az