“Yaxın gələcəkdə qadınların hərbi tibb fakültəsində təhsil alması məsələsi gündəmə gələ bilər”.
Bu fikiri təhsil eksperti Elmin Nuri KONKRET.az-a açıqlamasında səsləndirib.
O bildirib ki, bu addım Azərbaycan ordusu üçün də faydalı ola bilər:
“Düşünürəm ki, qadınların da hərbi tibb fakültəsində təhsil alması uğurlu addımlardan biri ola bilər. Azərbaycan ordusunda, eləcə də dünyanın bir çox ölkələrində, xüsusilə, qardaş Türkiyədə hərbi xəstəxanalarda güclü xanım mütəxəssislər çalışırlar. Həkimlik peşəsi həm də həssaslıq tələb edir, bu xüsusiyyət qadınlarda daha çoxdur. Ona görə də hərbi tibb fakültəsində xanımların müraciəti məsələsi mütləq gündəmə gətirilməlidir”.
Mövzuya münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, 2025-ci ildən Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti qadın abituriyentlərin Heydər Əliyev adına Hərbi İnstituta və Hərbi Tibb Fakültəsinə elektron sənəd qəbulunu elan edib.
“Cari ildə ümumtəhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirən, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları seçdiyi təhsil müəssisəsində ixtisas seçimi ediblər.
Bu ildən qadın abituryentlər də sistem mühəndisliyi, aerokosmik mühəndislik, elektrik və elektronika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, mexanika mühəndisliyi, menecment, beynəlxalq münasibətlər, tarix, hərbi tibb, stomatologiya və ictimai səhiyyə ixtisasları üzrə təhsil ala biləcəklər”.
Ekspert qeyd edir ki, təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrində yoxlamadan keçirilir.
“Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Hərbi Tibb Fakültəsinə qəbul zamanı abituryentlərin 500 baldan yuxarı nəticə göstərməsi vacibdir”.
Aynurə İsmayıl
KONKRET.az