“Bu addım ikili şəxsiyyət və psixoloji problemlər yaradır” – SƏRT XƏBƏRDARLIQbackend

"Bu addım ikili şəxsiyyət və psixoloji problemlər yaradır" - SƏRT XƏBƏRDARLIQ

“Sosial media platformaları, xüsusilə, Instagram və TikTok istifadəçilərə başqalarının həyatlarını yalnız parlaq və idealizə olunmuş anlarla təqdim edir. Bu isə insanların başqaları ilə özlərini müqayisə etməsinə səbəb olur. Sosial mediada təqdim olunan “mükəmməl” həyat tərzləri istifadəçilərdə narazılıq, özgüvənsizlik və inamsızlıq hisslərini artırır. Bu cür müqayisələr isə insanları öz dəyərlərini və həyatlarını sorğulamağa vadar edir. Nəticədə emosional narahatlıqlar, münasibətlərdə gərginlik və şəxsi inkişafın ləngiməsi kimi psixoloji təsirlər ortaya çıxır”.

Bu fikirləri psixoloq Elnurə Hüseynova KONKRET.az-a açıqlamasında səsləndirib:

“Mövcud vəziyyət zamanla insanları sosial mediadan uzaqlaşmağa və özlərini cəmiyyətdən təcridə vadar edir. Bu da depressiya və tənhalığa səbəb ola bilər. Beləliklə, sosial medianın psixoloji rifahımıza birbaşa təsiri olduğu açıq şəkildə görünür. Bəzi insanlar bu təzyiqlərə cavab olaraq, maddi imkanlarını aşan alış-verişlərə yönəlir və ya borclanmağa başlayırlar. Bu da əlavə stress və maliyyə problemləri yaradır”.

Psixoloq qeyd edir ki, bu vəziyyətdən çıxış yolları mövcuddur. İnsanlar öz daxili güclərinə fokuslanaraq, həyat yollarını və məqsədlərini müəyyənləşdirə bilərlər.

“Unutmaq olmaz ki, hər kəsin həyat yolu fərqlidir. Başqalarının uğurlarını öz həyatları ilə müqayisə etmək sağlam yanaşma deyil. Əvəzində, başqalarının nailiyyətlərindən ilham alaraq öz məqsədlərinə fokuslanmaq daha faydalıdır. İnsanlar qarşılarına real və mənalı məqsədlər qoymalı və buna doğru ardıcıl şəkildə irəliləməlidirlər. Eyni zamanda, özlərinə qarşı mərhəmətli və anlayışlı davranmalı, sosial media istifadəsini şüurlu şəkildə məhdudlaşdırmalıdırlar. Sosial şəbəkələrdə sərf olunan vaxtı azaltmaq və real həyatda sosial əlaqələri gücləndirmək daha sağlam psixoloji mühit yarada bilər”.

Ekspert vurğulayır ki, sosial mediada dəbdəbəli həyat tərzlərinin paylaşılması, insanlarda öz həyatlarından narazılıq və psixoloji gərginliklər doğura bilər.

“Lakin bu təsirləri azaltmaq üçün özümüzü tanımalı, məqsədlərimizi müəyyənləşdirməli və sosial media istifadəmizi nəzarət altında saxlamalıyıq. Təəssüf ki, yeni nəsil sosial mediaya həddindən çox aludə olub. Bəziləri artıq özlərini itirib, başqalarının həyatlarını yaşamaq istəyirlər. Bu isə ikili şəxsiyyət yaradır və psixoloji problemlərə səbəb olur. Bu səbəbdən də gənclərimizə sosial medianın təsirləri barədə maarifləndirici tədbirlər həyata keçirilməli, onlara şəxsiyyətlərini qorumağın və öz həyat yollarını tapmağın əhəmiyyəti izah edilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*