Bu avtomobilləri alanlara bəd xəbər: YOLDA QALA BİLƏRSİNİZbackend

Bu avtomobilləri alanlara bəd xəbər: YOLDA QALA BİLƏRSİNİZ

Elektrikli avtomobillər son illərdə texnologiya və avtomobil sənayesində ən sürətlə inkişaf edən sahələrdən biridir. Onlar daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdən fərqli olaraq, enerji mənbəyi kimi elektrik akkumulyatorlarından istifadə edir.

Elektrikli avtomobillər karbon emissiyasını azaldır, çünki onlar birbaşa olaraq yanacaq yandırmır. Bu, havanın çirklənməsinin və qlobal istiləşmənin qarşısını almaqda mühüm rol oynayır. Bu cəhətdən faydalı sayılan elektromobillərin zərərli tərəfinin olduğu da iddia edilir. Bu səbəbdən elektromobil almaq istəyənlər üçün sözügedən məsələ sual doğurur.

Bəs bu avtomobillərin mənfi cəhətləri nədir?

KONKRET.az xəbər verir ki, Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Sabah”a şərh edərkən bir sıra məqamları diqqətə çatdırıb:

“Elektrikli avtomobillərlə bağlı dünyada müxtəlif proseslər gedir. Əsas üstünlük alıcılardadır. Onlar həmişə qənaət rejiminə üstünlük verir, daha az xərcləmək istəyirlər. Ancaq bir müddət keçdikdən sonra elektrikli avtomobillərin elə bir detalı sıradan çıxır ki, onu tapmaq, almaq, təmir etdirmək müşkülə çevrilir. Bu cür maşın alan adam artıq suallarla yaşamalı olur.  Çünki elektromobillər yenilikdir. Onların yaxşı cəhətləri ilə yanaşı, mənfiləri də mövcuddur. Belə ki, bu avtomobillərdə alışma riski var, ehtiyat hissələri bahadır, servis, usta xidməti tapmaq çətindir. Elektromobillərin ustası hər yerdə tapılmır. Alıcılar fikirləşməsin ki, ucqar bir yerdə, dağ başında avtomobilə nə isə olarsa, ona dərhal usta tapılsın”.

Ekspert elektromobillərin digər bir problemindən də söz açıb:

“Elektromobillər tam şarj olunduğu təqdirdə 400 kilometr yol getməlidir. Soyuq havalarda isə bu rəqəm 200 kilometrə qədər enir. Bu cür risklər var və insanlar buna hazır olmalıdır. Sözügedən problem keçən il ölkəmizdə özünü büruzə verdi. Çünki bu vasitələrdən istifadə edən dostlarımız həmin məsələdən şikayətlənirdilər. Bu cür durumlara öyrəşməliyik, çünki illər lazımdır ki, həmin avtomobillərlə bağlı bütün detallar yerinə otursun”.

E.Muradlı qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, ənənəvi avtomobillərdən elektromobillərə keçid də lazımdır:

“Biz dünyamızı qorumalıyıq, ətraf mühitin qayğısına qalmalıyıq. Qlobal istiləşmə ilə bağlı problemlər artıq qapımızdadır. Bu avtomobillərin yayılmasından danışmaq daha yaxşıdır. Ancaq reallıq baxımından da qüsurları gözardı etmək mümkün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*