“Bu, baş versə, İranın mövqeyi dəyişəcək və Zəngəzur dəhlizi dərhal açılacaq” – YENİ SSENARİbackend

"Bu, baş versə, İranın mövqeyi dəyişəcək və Zəngəzur dəhlizi dərhal açılacaq" - YENİ SSENARİ

“ABŞ və İran arasında danışıqların baş tutması və müsbət nəticə verməsi Yaxın Şərqdə və Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklərə yol aça bilər. Əgər Tehran Vaşinqtonun tələblərini qəbul edərsə və bu razılaşmaları həyata keçirməyə razılaşarsa, ilk növbədə bu, nüvə proqramı ətrafında olan gərginliyin azalmasına gətirib çıxaracaq”.

Bu fikirləri KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov səsləndirib:

Vəli Əlibəyov

“Yaxın Şərqdə isə belə bir yaxınlaşma ciddi pozitiv nəticələr doğura bilər. Məlum olduğu kimi, regionda gərginliyin arxasında İranın proksi qüvvələri dayanır. Əgər Tehran ABŞ-la razılığa gələrsə, bu qüvvələrin İsrail və ABŞ müttəfiqlərinə qarşı hücumlarının azalması gözlənilir. Belə bir inkişaf Suriyada və digər Yaxın Şərq ölkələrində sabitliyə töhfə verə, nəticə etibarilə regionun inkişafını stimullaşdıra bilər.

Cənubi Qafqaz kontekstində də bu yaxınlaşma öz təsirini göstərir. İranın uzun müddətdir əleyhinə olduğu Zəngəzur dəhlizi layihəsinə münasibəti yumşalacaq. Əgər ABŞ-İran münasibətlərində irəliləyiş baş verərsə, Tehran Qafqaz regionunda daha praqmatik mövqe tutar. Bu da Azərbaycan da daxil olmaqla region ölkələri üçün müsbət
impuls hesab olunar”.

Politoloq vurğulayıb ki, ABŞ-İran yaxınlaşması Rusiyanın regiondakı maraqlarına zərbə vurar:

“Qafqazda Rusiya ilə İranın uzunmüddətli koordinasiyası yeni şərtlər daxilində zəifləyər. Artıq Rusiyanın bölgədə təsir imkanlarının azalması fonunda İranın da ABŞ-la yaxınlaşması Moskvanın Qafqazda təsirini daha da zəiflədə bilər.

Digər mühüm məsələ isə iqtisadi müstəvidə baş verə biləcək dəyişikliklərlə bağlıdır. İranla münasibətlərin normallaşması sanksiyaların yumşaldılması ilə nəticələnər. Bu isə o deməkdir ki, İran nefti yenidən dünya bazarına çıxar. Bu da qlobal neft qiymətlərinə təzyiq göstərərək, Azərbaycan kimi neft ixrac edən ölkələrin maraqları ilə tam üst-üstə düşməyə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*