“Ermənistan regional kommunikasiyaların bloklanması məsələsini müzakirə etməyə həmişə hazırdır, lakin dəhliz məsələsi müzakirə olunmur. Bu, Ermənistan üçün qırmızı xəttdir”.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
Baş nazirin müavini qeyd edib ki, üçtərəfli işçi qrupunun (Ermənistan, Rusiya və Azərbaycan. – Red.) regional kommunikasiyaların blokdan çıxarılması məsələsi ilə bağlı Ermənistanın mövqeyi bəllidir. Biz iki mühüm anlayış çərçivəsində bu məsələlərin müzakirəsinə hazırıq.
“Birincisi, haqqında danışdığımız infrastrukturlar Ermənistanın suveren infrastrukturları olmalıdır, ikincisi, onlar tam olaraq Ermənistan Respublikasının yurisdiksiyasına tabe olmalıdır. Bu konsepsiyalar çərçivəsində biz hər zaman hazır olmuşuq, indi də mövzunu müzakirə etməyə və nəhayət, nəqliyyat blokunu açmağa hazırıq ki, bu, fikrimcə, Ermənistan üçün də böyük əhəmiyyət kəsb edir. Amma dəhliz məsələsi müzakirə olunmayacaq, bizim üçün bu, qırmızı xəttdir”, – deyə Qriqoryan bildirib.
“Blokun açılmasından sonra gömrük nəzarəti beynəlxalq təşkilat vasitəsilə həyata keçirilə bilərmi”, – sualına cavab olaraq Mqer Qriqoryan qeyd edib ki, hazırda belə bir müzakirə gündəmdə deyil, ideyalar fərqlidir, lakin bu məsələ ilə bağlı işlənib hazırlanmış format yoxdur.
Natiq Səlim,
KONKRET.az