AZAL-a məxsus təyyarə qəzasının Qazaxıstan ərazisində baş verdiyi üçün hazırda orada araşdırmalar davam edir.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu gün hər hansı yaralı və ya ölən şəxsin nəşi gətirilməyəcək.
“Rəsmi qurumlar tərəfindən dəqiq məlumatlar araşdırmanın sonunda ictimaiyyətə təqdim olunacaq.
Zərərçəkənlərin birinci dərəcəli ailələri Baş Prokurorluğun korpusunda qan verirlər və hazırda oraya 14 nəfər göndərilib”, – AZAL rəsmisi əlavə edib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.