Bu gün Qubadlının işğal günü deyilbackend

Bu gün Qubadlının işğal günü deyil

Fadil PAŞAYEV

Mənim üçün 31 avqust  yalnız Qubadlının işğal günü deyil. Azərbaycanın bütün itirilmiş torpaqlarının qəsb tarixidir. Ümumiyyətlə, belə günlərin qeyd edilməsinin əleyhinəyəm. Nə matah iş görmüşük ki, hələ hər işğal günü ilə bağlı palaz-palaz yazılar yazaq, işğal statistikasını təkrarlamaqla guya yaddaşımızı təzələyək?!. Şəxsən buna lüzum görmürəm. Qoy elə yadımdan çıxsın, Qubadlıda nə qədər tarixi abidə var idi, neçə mədəniyyət klubu, məktəb, uşaq bağçası, nə bilim, daha nələr tar-mar olub. Fakt bilirəm ki, Qarabağım gedib, Göyçə gölüm Sevan olub, Xənkəndim Stepanakert… Peyk xəritəsində tarixi yerlərimiz paralel şəkildə erməni əlifbası ilə yazılır. Ermənilər bizə lağ edir, Kəlbəcərə yol çəkir, Qubadlıda texnika oynadır. Axı hər dəfə yas qurub “Vətən, vətən” deyib sızlamağın nə mənası var?!.

Arada mənə elə gəlir ki, biz işğal tariximizin deyil, şərəf gətirməyən günlərimizin “qeydiyyatı”nı aparırıq, həmin günlərimizin qarşısına bir “quş” qoyuruq. Deyirəm, nə yaxşı ki, aramızda şirin canını Vətənə fəda edənlər hələ də çoxdur, yoxsa adamın ürəyi partlayar. Ölməz Şəhidlərimizdi hələ dadımıza çatan. Onların fotolarda qürur dolu baxışları, əzəmətidir sabaha olan inamımızı artıran. Bilirəm ki, o oğullar tam qırılmayıb, əksinə daha çoxdur.

Özüm qarışıq, bir rəsmi əl işarəsi yetər ki, toy-bayramla silaha sarılaq. Baxmayaraq ki, televiziya ekranlarında başqa dəyərlər təbliğ edilir, amma azərbaycanlılar arasında nər oğlu nərlər kifayət qədərdir. Nə yaxşı ki, sosial şəbəkələrdə şəhid qardaşlarımızdan çox bəhs edilir, cəmiyyətimizdə ata-analarına dərin ehtiram var. Amma, bu, yetməz.

Rayonlarımızın işğal günlərini 30 ilə yaxındır “çevir tatı, vur tatı” eləmək olmaz. Çoxumuza ağır gəlir bu. Artıq “inşəAllah, o gün uzaqda deyil”i “o gün bu gündür”lə əvəz etməyin vaxtıdır. İşğal günlərini qara lövhədən silməyin zamanıdır. Bəli, cənablar, 31 avqust ağ lövhədə AZƏRBAYCANIMIN bütövləşmə gününü qırmızı xətlə – qanımızla yazmaq  vədəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*