Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı ilə bağlı xüsusi konsepsiya mövcuddur və bu istiqamətdə dövlət səviyyəsində ciddi iş aparılır. Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq hesab edir ki, bu, qərbi azərbaycanlıların qanuni haqqıdır. Bəs görəsən, Qərbi azərbaycanlıların Ermənistana qayıdışı mümkündürmü və bu, nə zaman reallaşa bilər?
Mövzunu KONKRET.az-a politoloq Natiq Miri səsləndirib:
“Qərbi azərbaycanlıların öz doğma ata-baba yurdlarına qayıtması əlbəttə ki, mümkündür. Ancaq öncə ermənilərin milli şüurunun yüksəlməsinə ehtiyac var. Bunu Ermənistan baş naziri Nikol Paşinyan da anlayıb. O, açıq şəkildə bəyan etdi ki, Ermənistanda istənilən hökuməti inqilab yolu ilə devirmək olar. Ancaq dəyişə bilmədikləri yeganə məsələ erməni milli şüurudur. Ermənilərin reallıqları qəbul etməməsi Azərbaycan və Ermənistan arasında sülh prosesinə ciddi problemlər yaradır. Bu gün sülh müqaviləsi imzalanmadan, nəqliyyat kommunikasiyaları açılmadan, sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatmadan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışını düşünmək əlbəttə ki, perspektivsiz görünür. Ancaq reallıqda bu, mümkündür. Erməni şüuru reallığı anlamayana qədər, onlar sülh müqaviləsini və normal münasibətləri qəbul edə bilməyəcəklər. Belə olan halda isə erməniləri monipulyasiya etmək kənar qüvvələr üçün daha asan olacaq. Ancaq reallığı qəbul edən Ermənistan cəmiyyəti yaranarsa, bu zaman düşmənçilik aradan qalxa və Qərbi azərbaycanlıların qayıdışı baş tuta bilər. Yəni bu, şüur məsələsidir. Əks halda erməni cəmiyyəti bu məsələni hökumət əleyhinə manipulyasiya kimi qəbul edəcək. Necə ki, erməni müxalifəti Paşinyanı xəyanətkar kimi dəyərləndirir. Ancaq Paşinyan Ermənistanı gözləyən daha böyük fəlakətlərdən ölkəsini xilas etməyə çalışır”.
Müşviq Tofiqoğlu
KONKRET.az