Bu ixtisas ləğv edilirbackend

Bu ixtisas ləğv edilir

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsini gündəmə gətirib. Ekspertlər də naziri dəstəkləyirlər, amma əlavə edirlər ki, bu proses tədricən getməlidir.

Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər kolleci bitirən müəllimlərin və hazırda kolleclərdə təhsil alan tələbələrin taleyi məsələsinə də aydınlıq gətirilməsini istəyir. Nazir qeyd edib ki, ölkədə həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var, amma bəzi ixtisasların kolleclərdə olması vacib deyil. Kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün aktual idi:

“Vaxtilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var”. Nazirin sözlərinə görə, gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq.

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Təhsil mütəxəssisləri də kolleclərdə müəllim ixtisaslarının tədricən ləğvini təhsilin keyfiyyətinin artırılması istiqamətində lazımlı addım hesab edirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, hazırda kolleclərdə müəllim ixtisasının tədrisinə ehtiyac yoxdur: “Əvvəlki dövrdə buna ehtiyac vardı. Müəllimlərə olan ehtiyacın təmin edilməsi üçün kollecləri də bu prosesə qoşmuşdular. Hazırkı dövrdə isə buna ehtiyac yoxdur. Bu gün müəllim hazırlığı yalnız universitetlərdə olmalıdır”. Millət vəkili hesab edir ki, kolleclər müəllimləri yetişdirmək üçün o qədər də geniş potensiala və imkana malik deyillər: “Biz daha savadlı, bacarıqlı və kompetensiyalı müəllimlərin yetişdirilməsi üçün çalışmalıyıq. Kolleclər digər sahələrə öz töhfəsini verə bilərlər. Onların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var”. C.Məmmədovun fikrincə, biz gələcəkdə də bu istiqamətdə addımlar atmalıyıq. Müasir müəllim yeni innovasiya, yeni metod, yeni üslub və baxışla prosesə öz töhfəsini verməlidir:

“Müəllimi bir-iki ilə yetişdirmək qeyri-mümkündür. Müəllim yetişdirmək işi uzun müddətli və uzun hədəfli olmalıdır”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Günay Əkbərova məsələyə həm bir müəllim, həm də bölgələrdə təhsilin vəziyyətini yaxından müşahidə edən ekspert kimi yanaşır: “Hazırda məktəblər daha yüksək akademik hazırlığa və pedaqoji bacarıqlara malik müəllimlərə ehtiyac duyurlar. Təəssüf ki, bu tələblər kolleclərin təqdim etdiyi təhsil səviyyəsi ilə üst-üstə düşmür. Bunu müəllimlərin sertifikasiyasının nəticələri də sübut edir. İlk imtahanda uğursuz olan müəllimlərin böyük bir hissəsi kollec məzunları idi. Onların dördüncü və ya doqquzuncu sinifdən yuxarı dərs deməyə qanuni hüquqları yox idi və bu məhdudiyyəti bəhanə edərək özlərini illərlə təkmilləşdirmədilər. Bundan əlavə, hər il 60 000-dən çox namizəd müəllimlərin işə qəbul imtahanında iştirak edir, lakin onların yalnız az bir faizi işə qəbul olunur. Bu da sistemdə ciddi keyfiyyət problemi olduğunu göstərir. Bu tendensiya kolleclərdəki müəllim hazırlığının effektivliyinin aşağı olduğunu və universitet səviyyəsində daha keyfiyyətli hazırlığın vacibliyini göstərir”.

İŞ üzvünün fikrincə, dünya təcrübəsi də bu fikri təsdiqləyir:

“OECD-nin 2023-cü il hesabatına əsasən, Finlandiya, Sinqapur, Almaniya kimi ölkələrdə müəllim olmaq üçün ən azı bakalavr, hətta magistr təhsili tələb olunur. Kollec səviyyəsində müəllim hazırlığı isə yalnız köməkçi pedaqoji vəzifələr üçün nəzərdə tutulub. Dünya Bankının 2021-ci il təhsil hesabatına görə, aşağı akademik göstəricilərə malik müəllimlər tələbələrin zəif nəticələr göstərməsinə səbəb olurlar. Eyni zamanda, Türkiyə və digər ölkələrdə müəllim olmaq üçün imtahan tələbləri sərtləşdirilib və bu, təhsilin keyfiyyətinə müsbət təsir edib”. G.Əkbərova bildirir ki, kolleclərə qəbul balları universitetlərə nisbətən xeyli aşağıdır və təhsil müddəti də qısadır. Bu isə müəllimlərin akademik bilik və metodoloji hazırlıq baxımından kifayət qədər yetişməsinə imkan vermir: “Universitetlərdə dördillik bakalavr təhsili ərzində tələbələr həm akademik, həm də pedaqoji biliklər qazanır, praktik təlimlər keçirlər. Kollec məzunları isə daha qısa müddətdə və daha az akademik baza ilə məktəbə daxil olurlar ki, bu da onların peşəkar səviyyəsinə təsir edir. Bütün bu amillər onu göstərir ki, kolleclərdə müəllim ixtisaslarının tədricən bağlanması təhsilin keyfiyyətinin artırılması üçün qaçılmazdır. Lakin bu proses tədricən və alternativ yollarla aparılmalıdır ki, bölgələrdə müəllim çatışmazlığı yaranmasın. Keçid dövründə kollecdən məzun olan müəllimlər üçün əlavə inkişaf proqramları, sertifikatlaşdırma imkanları yaradılmalıdır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova deyir ki, dünyanın ən inkişaf etmiş təhsil sisteminə malik Finlandiyada məktəbəqədər təhsil səviyyəsi üzrə tərbiyəçilərin işə qəbulu zamanı minimum magistr dərəcəsi tələb olunur. O bildirir ki, kolleclər iki il müəllimlik təhsili verir, amma istər-istəməz ali məktəblərdə dörd illik təhsil müddətində daha dərin biliklərə yiyələnmək və daha yaxşı ixtisaslı kadr olma şansı var:

“Kolleclərdə müəllimlik peşələrinin ləğvi gündəm olub. Dünya təcrübəsinə əsaslanırıqsa, əksər ölkələrdə müəllim kimi işə başlamaq üçün minimum dörd illik bakalavr və hətta əlavə magistr təhsili tələb olunur”.

  • Alışov Nurlan Nazim oğlu
    Fevral 17, 2025 - 18:44

    Mən İDHTK məzunu olmuşam ixtisas İnformatika Müəllimi 4 il əyani təhsil almışam dövlət sifarişli. Belə çıxır ki bizim oxumağımız özümüzə qaldı? Məyər belədirsə bizim Diplomu Bakalavr diplomu ilə əvəz olunmalıdır. 2013-dən həmin ixtisas da ləğv olunub. İndi biz neyniyək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*