Bu məsələdə oğlanlar qızları üstələyır – “Təəssüf ki, bu, acınacaqlı haldır”backend

Bu məsələdə oğlanlar qızları üstələyır - "Təəssüf ki, bu, acınacaqlı haldır"

Açıqlanan son statistik rəqəmlərə görə, ötən tədris ilində peşə təhsili müəssisələrindən məzun olan tələbələrin 20%-i təhsillərini tam başa vurmadan işlə təmin edilib. 3000 işlə təmin olunan şəxslərin 70 %-i oğlanlardır. Maraqlıdır, peşə təhsilində oğlanların üstünlük təşkil etməsinin səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi ki, son illər Azərbaycanda olan ən müsbət tendensiyalardan biri peşə təhsilinə olan diqqət və marağın artmasıdır:

“Bu sahəni təhsilin digər qollarından fərqlənməsi, müsbət istiqamətdə inkişaf etməsi son 5 ildə rastlanan və xoşagələn hadisələrdəndir. Bu şəxslərin erkən işlə təmin olunmasının bir səbəbi əmək bazarında həmin ixtisasa olan tələbatdır. İkinci amil isə Azərbaycan peşə təhsil müəssisələri ilə istehsalat şirkətlərinin bəziləri arasında imzalanan memorandumlardır. Razılaşmaya görə təhsil müddətində onlar müəssisələrə gedərək təcrübə toplayırlar. Etimadı doğrultsalar, işlə təmin olunurlar. Bir çoxları bu səbəbdən peşə fəaliyyətlərinə erkən başlayırlar”.

Onun sözlərinə görə, peşə təhsilində gender balansı gələcək zamanda qorunacaq:

“Nəyə görə işlə təmin olunan oğlanlar qızlardan çoxdur? Bu, məsələnin aktual tərəfi deyil. Səbəb odur ki, hazırda bütün təhsil müəssisələrində ixtisasların 60-70%-i kişi işçilərini tələb edir. Xanımlara aid olan ixtisaslarımız da az deyil. Amma oğlanlar ilə bağlı göstərici daha çoxdur. Əmək bazarı hansı ixtisasla bağlı işçi qüvvəsinə ehtiyac duyursa, məzunlar da o sahə üzrə yönləndirilir. Bu səbəbdən də kişilər xanımları qabaqlayır. Faiz göstəricisi 70/30-dır. Məncə, vəziyyət həmişə belə olmayacaq. Zaman keçdikcə balans qorunmağa çalışacaq”.

Elmin Nurinin fikrincə, bu gün əmək bazarında İT sahəsində işçi qüvvəsinə daha çox tələb var:

“Hazırda informasiya texnologiyaları sahəsinə böyük təlabat var. Sözügedən ixtisas üzrə daha çox oğlanlar istiqamətlənir. Bu amil bəs edir ki, oğlanlar daha çox ön plana çıxsın. Qızlarımız vizajist, aşpaz, qənnadçı ixtisasları ilə deyil, İT sahəsinə də yönəlməli, onları oxumaqdan çəkinməməlidirlər”.

Müsahibim peşə təhsilində qızların az olmasının bir səbəbi də valideynlər olduğunu qeyd etdi:

“Peşə təhsil müəssisələri Bakının müxtəlif ərazilərində – Sabunçu, Binə, Qaradağ, Abeşron və s. yerləşir. Valideyn qız övladını uzağa göndərmək istəmir. Təbii ki, doğru yanaşma deyil. Qız uşaqlarının təhlükəsizliyi baxımından bu addım atılır. Təəssüf ki, acınacaqlı haldır”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*