Ermənistan Müdafiə Nazirliyi İrandan PUA-ların alınması məsələsini şərh etmir.
KONKRET.az xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb. Məlumatda bildirilir ki, son vaxtlar Ermənistan mətbuatında və ictimai məkanda İrandan PUA-ların alınmasının məqsədəuyğunluğu məsələsi müzakirə olunur.
Müdafiə Nazirliyi Sputnik Armeniya-nın sorğusu əsasında İran PUA-larının alınması ilə bağlı şərh verməkdən imtina edib.
“Biz Ermənistan Müdafiə Nazirliyindən soruşduq ki, İrəvan İran PUA-larının alınması üçün müraciət edibmi, belə bir ehtimalı nəzərdən keçirirmi, həmçinin Ermənistan İslam Respublikasında pilotsuz təyyarələrin və digər silahların alınması yolunda hər hansı maneə görübmü?
Məlumat üçün bildiririk ki, “İnformasiya azadlığı haqqında” Hökumətin Fərmanı ilə müəyyən edilmiş siyahının 19-cu bəndinin tələbləri əsasında bizə məlumatın verilməsindən imtina edilib.
Hərbi idarədən bildirilib ki, bu məsələ məxfi xarakter daşıyır və dövlət sirlərini ehtiva edir.
Bundan əvvəl Ermənistanın PUA almaq üçün Tehrana müraciət edib-etməməsi ilə bağlı İranın Qafandakı baş konsulu Abedin Varamin müdafiə idarələri ilə əlaqə saxlamağı təklif edib”, – deyə nəşr yazıb.
Xuraman Etibarlı,
KONKRET.az