ABŞ-ın müttəfiq ölkələri Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpası ilə bağlı mümkün ssenariləri Vaşinqtonun iştirakı olmadan müzakirə etməyə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, aprelin 2-də Birləşmiş Krallıq tərəfindən təşkil olunan virtual görüşdə Avropa, Yaxın Şərq və Asiya ölkələri, eləcə də Avstraliya və Kanadadan olmaqla 40-dan çox dövlət iştirak edib. Görüş zamanı iştirakçılar İran ilə mümkün diplomatik təmasları və Tehranın boğazı açmaqdan imtina edəcəyi halda iqtisadi təzyiq mexanizmlərini, o cümlədən sanksiyaları müzakirə ediblər.
Eyni zamanda, bəzi ölkələr Hörmüz boğazı məsələsinin ABŞ və İran arasında mümkün atəşkəs danışıqlarına daxil edilməsini təklif edir. Müzakirələrdə qeyd olunub ki, müttəfiqlər Donald Tramp administrasiyasının İrana qarşı əməliyyatları ayrıca gəmiçilik planı olmadan dayandıra biləcəyi ilə bağlı narahatlıqları nəzərə alaraq alternativ addımlar üzərində düşünürlər.
Bundan əlavə, BMT-nin mümkün rolu və Fars körfəzi ölkələri ilə koordinasiya məsələləri də gündəmdə olub. Məqsəd qlobal enerji tədarükü üçün əsas marşrutlardan biri hesab olunan boğazda sərbəst gəmiçilik prinsipinin bərpasını təmin etməkdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
