“Bu oyunun qalibi yoxdur” – Azərbaycan Vikipediyasını hansı təhlükə gözləyir? backend

"Bu oyunun qalibi yoxdur" - Azərbaycan Vikipediyasını hansı təhlükə gözləyir? 

Artıq bir neçə gündür, “Wikipedia”dan 20 yanvar, Xocalı soyqırımı, I və II Qarabağ müharibəsi şəhidlərinin məqalələrinin silinməsi gündəm olub.

Texnobloger Fərid Pərdəşünas özünün “Facebook” sosial media hesabında hər 12 saatdan bir məqalələrin geri qaytarılmadığına görə bu işdə əli olanları ifşa edir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib ki, ölkədə bu vəziyyət davam etsə, güman ki, Vikipediya fondu bütün inzibatçıları və bürokratları azad edəcək və nəzarəti öz əlinə alacaq.

Bu oyunun qazananı yoxdur. Pisdən daha pisimi seçək? Çünki Vikipediya idarəçiliyi məsələsində seçimlər arasında yaxşısı yoxdur. Bu, bütün ölkələrdə belədir. Vikipediya milli hisslərlə, patriotizmlə idarə olunmur. Əgər ölkədə bu vəziyyət davam etsə, güman ki, Vikipediya fond bütün inzibatçıları və bürökratları azad edəcək və nəzarəti öz əlinə alacaq. Əgər bu baş versə, və azərbaycanca Vikipediya fondun nəzarətinə keçsə, bundan sonra nə baş verə biləcəyini heç düşündünüzmü? Bu sadəcə fəlakət olacaq!

Azərbaycanlı gənc vikipediyaçıların əziyyəti boşa gedəcək və həssas mövzularla bağlı bir çox məqalələrimiz BMT-nin qaydalarına əsasən və ya beynalxalq akademik məqalələrə istinadən redaktə olunacaq. O zaman nə yüksək vəzifəli rəsmi şəxslərin məqalələrini qoruya, nə də “Qondarma Dağlıq Qarabağ” ifadəsindəki “qondarma” terminini orada saxlaya biləcəyik. Hətta “Xocalı soyqırımı” ifadəsinin “soyqırım” hissəsini beynalxalq akademik məqalələri əsas getirərək çıxaracaqlar və “Xocalı faciəsi” edəcəklər. Vikipediya fondun nəzarətinə keçərsə, əsl düşmənlər, yəni, ermənilər və erməni diasporası ilə əlaqəli ermənipərəstlər rahatlıqla orada öz çirkin əməllərini həyata keçirəcəklər”.

O bunun səbəblərindən də bəhs edib:

“Mən bilən, bütün ictimai zorakılığa və ictimai linçə məruz qalanlar artıq Vikimedia Fonduna şəxsi məlumatlarını yayan Vikipediyaçıları şikayət ediblər.

Azərbaycanca vikipediya Vikimedia Fondunun nəzarətinə keçməməlidir! İctimai linçi dayandırmaq lazımdır! Şəhidlər mövzusu çox həssasdır və kaş, bu yol seçilməsəydi. Şəhidlərin adları Vikipediyadan silinməyib, siyahılaşdırılır. Bu, ilk şəhid məqalələri yaradılandan bəlli idi. O məqalələrin bir çox hissəsini yaradan elə indi ictimai zorakılığa məruz qalan və ictimai linç edilən gənclərdir. İllərlə azərbaycanca Vikipediyanı zənginləşdirən gənclərin əməyi heçə sayılır. Hansı ki həmin Vikipediya məqalələri əsasında bir çox internet resursu və “memorial.az“, “unudulmazlar.az” kimi şəhidlərimizlə bağlı sayt yaradıldı”.

Elvin Abbasov hökümətin Vikipediyaya nəzarət etməməsinə də aydınlıq gətirib:

“Bu bir neçə gün ərzində medianın mənə sualları bu idi ki, hökümət niyə nəzarət etmir, cavab çox sadədir, heç bir ölkədə Vikipediyaya dövlət tərəfindən nəzarət edilmir. Bu qaydalara ziddir. Məsələn, elə 1 milyard yarım əhalisi olan Çini götürək. Niyə orada hələ də Vikipediya bağlıdır? Çünki Vikipediya Çin hökumətinin şərtini qəbul etmədi.

Türkiyədə Vikipediya illərlə bağlı qaldı və heç bir şərtləri qəbul edilmədən blokdan çıxarıldı.

Rusiyada isə Vikimedia Fondunun rəsmi nümayəndəsinin dövlətlə yaxın əlaqəsi olduğu aşkarlanan kimi həmin şəxs fond tərəfindən dünya üzrə bütün vikipediyalarda bloklandı.

İngiliscə Vikipediyada ABŞ- nin keçmiş prezidenti Donald Tramp hakimiyyətdə olarkən haqqında nələr yazılmışdı.

Bəs o zaman niyə Vikipediyanı əngəlləyə bilmədilər?!

Başa düşməliyik ki, Vikipediya beynəlxalq platformadır və heç bir ölkənin tələbini və müdaxiləsini qəbul etmir.

Vikipediya oyuncaq deyil, beynəlxalq əhəmiyyətliliyi olan internet resursudur. “Google, Meta, OpenAİ” və bunlar kimi bir çox şirkətlərin qidalandığı nəhəng platformadır. Buraya ABŞ- də daxil olmaqla heç bir ölkə təzyiq edə bilməz. Platformanın öz qaydaları var və heç bir ölkənin milli mənafeyini qorumur. Eyni zamanda heç bir ölkənin nəzarətində deyil”.

Aygün Mirakif,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*