“Bu, qazax cəmiyyətində hiddət doğurdu” –  Fransada Xurşudbanu Natəvanın abidəsinə qarşı vandalizm aktına reaksiyabackend

“Bu, qazax cəmiyyətində hiddət doğurdu” -  Fransada Xurşudbanu Natəvanın abidəsinə qarşı vandalizm aktına reaksiya

Ötən həftə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə müxtəlif ölkələrdə də müzakirə olunur. Fransanın ölkəmizi hədəfə alması, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri rəsmi Parisin qərəz nümayişindən başqa heç nə deyil. Cənubi Qafqazı Ermənistanın maraqlarına qurban verməyə hazır olan Makron hakimiyyəti hansı yolla olursa-olsun Azərbaycana təzyiq etmək, bununla da bölgədəki maraqlarını reallaşdırmaq niyyətindədir.

Qazaxıstanlı politoloq Erman Şurayev müsahibəsində Fransanın bu addımlarını təxribat adlandırıb. KONKRET.az onunla müsahibəni təqdim edir:

– Fransa Senatının Azərbaycan əleyhinə daha bir qətnamə qəbul etməsini necə şərh edərdiniz?

– Hesab edirəm ki, Fransa Senatının təxribat xarakterli qətnamə qəbul etməsi erməni lobbisinin səylərinin nəticəsidir. Buna baxmayaraq, əminəm ki, Avropa İttifaqı ölkələri Fransa Senatının əsassız tələblərini rədd edəcək, çünki onların bir çoxu Azərbaycanla işgüzar və tərəfdaşlıq əlaqələri qurub. Senatın qətnaməsi digər Avropa dövlətlərindən minimal dəstək belə almayacaq.

– Fransa tam olaraq nəyə nail olmağa çalışır?

– Fransanın yeganə məqsədi Azərbaycanın işğal altındakı torpaqlarını geri almasını “işğal” və “Ermənistanın ərazi bütövlüyünə qəsd” kimi təqdim etməkdir. Başa düşmürlər ki, nə BMT, nə də digər beynəlxalq təşkilatlar Qarabağı heç vaxt Ermənistanın bir hissəsi kimi tanımayıb. Əksinə, Qarabağ Ermənistanın işğalı illərində Azərbaycanın müvəqqəti işğal olunmuş ərazisi statusunu saxlayıb. Paris isə tam əksini beynəlxalq ictimaiyyətə sırımağa əbəs yerə çalışır.

– Fransa Ermənistan üzərindən Qafqaza daxil ola biləcəkmi?

– Parisin bu cəhdlərinin uğurlu olacağını düşünmürəm.

– Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı fikirləriniz maraqlıdır. Bu kimi hallar yeni qarşıdurmalara səbəb ola bilərmi?

– Fransanın Ermənistanı silahlandırması təxribatdır. Son illərdə baş verənlər Azərbaycan ordusunun regionda total üstünlüyünütəmin edib. Fransızların isə ermənilərə xidmətinin arxasında gizli planlar dayanır. Onlar başa düşməlidirlər ki, Parisin təhrikiylə Bakı ilə İrəvan arasında toqquşmalar baş verərsə, Azərbaycan iki ölkə arasında bufer zona yarada bilər.

– Fransada Xurşudbanu Natəvanın abidəsinə qarşı vandalizm aktına Qazaxıstan ictimaiyyəti necə qiymət verir?

– Təbii ki, bu dəhşətli vandalizm aktı qazax cəmiyyətində hiddət doğurdu. Vandalizm harada baş verməsindən asılı olmayaraq, ümumbəşəri qınağa layiqdir. Hadisənin özünü demokratik dövlət hesab edən Fransada baş verməsi isə ikiqat rüsvayçılıqdır.

– Son zamanlar Paris Mərkəzi Asiyada da aktiv siyasət yürütməyə başlayıb. Fransa bu regionda öz mövqelərini nə dərəcədə möhkəmləndirə bilib?

– Düşünmürəm ki, Fransanın Mərkəzi Asiyada ciddi mövqeləri var. Ola bilsin ki, nüvə enerjisi sahəsində Qazaxıstan Fransanın diqqətini cəlb etsin. Amma hələlik bu, o qədər də real deyil. Ona görə də Parisin Mərkəzi Asiya ilə bağlı hansısa böyük planlarından danışmaq tezdir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*