İmtahansız da ali təhsil müəssisələrinə qəbul olmaq mümkündür.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, DİM-in məlumatına əsasən, bu il 884 nəfər müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bəs bu hüquq kimlərə şamil edilir?
İmtahansız qəbul hüququ aşağıdakı kateqoriyalara aiddir:
Beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə,
İdman yarışlarının qaliblərinə,
Beynəlxalq səviyyədə akkreditasiyadan keçmiş təhsil proqramları üzrə təhsil alanlara,
SAT imtahanı nəticəsi ilə ölkəmizdə yalnız ADA Universitetinə qəbul olunmaq istəyənlərə.
DİM-in şöbə müdiri Xanlar Xanlarzadə bildirib ki, 2 nəfər beynəlxalq fənn olimpiadasının, 88 nəfər isə respublika fənn olimpiadasının qalibi artıq öz seçimlərini ediblər.
O qeyd edib ki, beynəlxalq fənn olimpiadası qalibləri istədikləri ixtisası seçə bilərlər. Respublika fənn olimpiadası qalibləri isə yalnız qalib olduqları fənnə uyğun ixtisası seçə bilirlər:
“83 nəfər isə idman yarışlarının qalibi olduğu üçün ali təhsil müəssisələrinə yerləşdirilib. Müsabiqədənkənar qəbul üçün DİM sənəd qəbulu elan edir. Bu kateqoriyaya daxil olan şəxslər DİM-ə müraciət edir, onlarla fərdi şəkildə görüş keçirilir və ixtisas seçimi aparılır”.
Qeyd edək ki, qəbul olunanların hansı universitetlərə yerləşdirilməsi isə ümumi qəbul müsabiqəsinin nəticələri elan olunduqdan sonra bəlli olacaq.