Pensiya mövzusu Azərbaycanda həssaslıqla izlənir. Bu məsələ vətəndaşların “yaralı yeridir”. Əsas iddia bundan ibarətdir ki, pensiya yaşı çoxdur. Vətəndaşlar deyir ki, əksəriyyət 65 yaşa çatmadan ölür, pensiya fonduna yığılan kapitaldan istifadə edə bilmir. Ona görə də hədd endirilməlidir.
Bəzi təqaüdçülər vəfat etdikdə pensiyası ailə üzvlərinin sosial təminatına yönəldilir.
Bəs bu, hansı peşələrdə çalışmış şəxslərə şamil edilir?
Deputat, hüquq mühafizə işçisi, xüsusi xidmət əməkdaşlarının ailələri bu güzəştdən yararlana bilər?
KONKRET.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, heç bir sahədə belə bir qayda yoxdur.
Əkrəm Həsənov
O deyib ki, bütün peşə sahiblərinin pensiya kapitalının müəyyən hissəsi ölən şəxsin həyat yoldaşına verilir:
“Belə ki, əgər ölən şəxsin həyat yoldaşı təqaüdçüdürsə və pensiyası aşağıdırsa, artıq fərq ona verilir. Bir də həmin adamın himayəsində olan şəxslər varsa, onlara da ödənilir. Amma belə məsələ var ki, təqaüdçü vəfat edən zaman onun 18 yaşına çatmamış övladı olmur. Ona görə də adətən fərq yalnız ər və ya arvada verilir. Ümumilikdə isə heç bir sahədə belə bir şey yoxdur ki, pulun yarısı və ya hamısı onun ailəsinə verilsin. Çünki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kifayət qədər məbləğ yoxdur”.
İqtisadçının fikrincə, ölən şəxsin pensiya kapitalının yarısı və ya hamısı ailəyə verilsə, büdcədə vəsait qalmaz:
“Əlbəttə, yaxşı olardı ki, ödəniş olunsun. Amma hər kəsə bu qaydada pul verilsə, büdcədə vəsait qalmaz. Bunun da həll yolu budur ki, gərək bizdən tutulan məcburi sosial sığorta haqqını artırsınlar. Əks halda onlar pulu hardan verəcəklər, bəlli deyil. Həm də Allah onlara uzun ömür versin, bəzi insanların çox yaşamasını nəzərə almaq lazımdır. Məsələn, pensiya kapitalı bitir, amma yenə də ona pensiya ödənilir. Demirlər axı pensiya kapitalın bitib, vəssalam”.