“2026-cı ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə daxilolmaların 2 milyard 567 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 29.05% çoxdur. Yəni 2026-cı ildə fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə 129 manat 50 qəpik yığılacaq”.
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov “Facebook” hesabında yazıb.
O bildirib ki, vergi artımının 5 səbəbi ola bilər. Bunlar əməkhaqlarının artması, iş yerlərinin sayının çoxalması, inflyasiya, vergi dərəcələrinin dəyişməsi və 2019-cu ildə tətbiq olunmuş vergi güzəştlərinin bitməsidir.
E.Əmirov qeyd edib ki, əməkhaqlarının 29-30% artması, yeni iş yerlərinin yüksək artımı, inflyasiya və vergi dərəcələrinin dəyişməsi bu qədər böyük artıma səbəb ola bilməz. “Bunun əsas səbəbi 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin bitməsidir. 2026-cı il yanvarın 1-dən etibarən bu güzəşt başa çatacaq və həmin şəxslərin gəlirləri artıq gəlir vergisinə cəlb olunacaq”.
İqtisadçı əlavə edib ki, bu dəyişiklik büdcə daxilolmalarını təxminən 30% artıracaq və həmin kateqoriyadakı şəxslərin vergi yükü də müvafiq olaraq yüksələcək. 2019-cu ildə güzəştin tətbiq edilməsinin əsas məqsədi isə qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək olub.