“Ulduz falından tutmuş kart fallarına qədər müxtəlif formalar – bunların hamısı insanın gələcək həyatı ilə bağlı mesajlar olduğu üçün məqbul sayılmır”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a “İslamda bürclərə münasibət necədir” sualına cavab verərkən ilahiyyatçı Ağa Hacıbəyli deyib.
O bildirib ki, astronomiya və astrologiya arasında tarixin dərinliklərindən tutmuş günümüzə qədər fərqli münasibət olub:
“İslam dinində, xüsusən Qurani-Kərimin ayələrində göstərilən məqamlardan yola çıxaraq, astronomiyanın elm sahəsi olduğunu görürük. İstər Ay, Günəş, istərsə də planetlər, ulduzlar və bütün kainatda bizi əhatə edən çoxsaylı qalaktikalar tarix boyu İslam alimlərinin diqqət mərkəzində olub.
Qurani-Kərimin ayələrində belə bir fikir qeyd olunub: “Heç onlar səmaya baxmazlarmı ki necə yaradılıb?” Alimlər də Allahın “bax” dediyi yerdən baxaraq çox ciddi elmi əsaslara baş vurublar.
Astrologiyaya gəlincə, bu məsələ üzərində o qədər çox dayanılmayıb. Hər halda bu planetlərin insan həyatına, taleyinə, daha çox qeyblə bağlı məsələlərə aid edildiyindən ona əhəmiyyət verilməyib. Nəinki əhəmiyyət verilməyib, hətta qınanıb.
Quranın “Bəqərə” surəsinin 164-cü ayəsində Allah-Təala gecənin, gündüzün, küləyin, yağışın, yerdə və göydə, kainatda var olan onlarla dəlili göstərir. Digər bir surədə isə qeyb bilgilərinin Allaha aid olduğunun üzərində dayanır”.
İlahiyyatçı vurğulayıb ki, ayələr qaranlıq dünyamıza işıq salır və bizə izah edir ki, astrologiya Allahın idarəsindən kənar bir varlıqlara yönəlməkdir:
“Buna görə də o, dinimizdə bəyənilmir. Bəlkə də bu sahə təbiət elmləri kimi inkişaflı olsa idi, ona elm sahəsi kimi baxmaq olardı. Lakin Babil dövründən bürclərə inanmaqla insanları Allahdan uzaqlaşdırıb kənar cisimlərlə yönəltmə, onların taleyin qisməti hesab edildiyi günümüzə qədər, ulduzdan tutmuş kart falına qədər müxtəlif formalar var. Bunların hamısı insanın gələcək həyatı ilə bağlı mesajlar olduğu üçün məqbul sayılmır.
Bir sözlə, astronomiya bir elmdir, kainatda olan bütün səma cisimlərini araşdırır. Astrologiya isə onun tam əksidir, dinimizdə qəbul olunmur”.