Dünyanın ən böyük adası Qrenlandiyanın buz örtüyünün tədqiqi gözlənilməz kəşfə səbəb olub. Yeni alətlər sayəsində buzun altında soyuq müharibədən qalma Amerika hərbi bazasının qalıqları ortaya çıxıb. Əslində, bu, nüvə silahlarının yerləşdirilməsinin planlaşdırıldığı tunellər şəbəkəsi olan kiçik gizli şəhərdir. Layihə 1960-cı illərin sonlarında dayandırılıb.
30 metr dərinlikdə “Əsrin düşərgəsi”
Bu ilin aprelində NASA təyyarəsi Qrenlandiya üzərində uçaraq ərazinin radar skanını aparıb. Bu üsul alimlərə, Arktika və Antarktidada buzun qalınlığını müəyyən etməyə kömək edir. Mütəxəssislər görüntüləri araşdırdıqda soyuq müharibə dövründən qalmış, buzların altında basdırılmış və sonradan tərk edilmiş “şəhər” aşkar edib. “Camp Century” adlanan hərbi bazanı amerikalılar 1959-cu ildə Qrenlandiyada buzlaqlar altında tikib. ABŞ hərbçiləri bazanı 1967-ci ildə tərk ediblər və o vaxtdan bəri həmin yer qar və buzla örtülüb. Onun strukturları indi buz təbəqəsinin altında gizlənib. Əvvəlki illərdəki aparılan tədqiqatlar bazanın yerini aşkar edə bilməyib. Bu ilin aprel ayında NASA alimləri 30 metr dərinlikdə buzun altına girərək daha ətraflı araşdırmalar aparıblar. Onlar yeni elmi cihazlardan istifadə ediblər. Əldə edilən xəritə, konstruksiyaların paralel düzülüşü bazanın planını göstərib. Bu istiqamət buz altında açılan tunellərə uyğun gəlib. Sorğunu aparan NASA rəsmisi Çad Qrin bildirib ki, yeni məlumatlar bizə gizli şəhərdəki ayrı-ayrı strukturları görməyə imkan verir. Alimlər ehtimal edirlər ki, buzların əriməsi gizli düşərgənin yerini asanlıqla üzə çıxara bilər. Bununla da orada qalan bioloji, kimyəvi və radioaktiv tullantılar aşkar olunar. Tullantıların dənizə düşməsi ABŞ və Danimarka arasında gərginliyə səbəb ola bilər.
Buz altındakı mağaza, teatr və kilsə
“Camp Century” bazası soyuq müharibənin qızğın vaxtında tikilib. Bununla, amerikalılar möhtəşəm “Buz qurdu” layihəsini həyata keçirməyə qərar veriblər. Onlar Qrenlandiyada ümumi uzunluğu 3-4 min km olan tunellər sistemi qurmaq və Sovet İttifaqına yönəlmiş 600 qitələrarası nüvə raketi yerləşdirmək niyyətində idilər. Planlaşdırıldığı kimi, raketlərin yeri daim dəyişməli idi. Bu da onların aşkarlanmasını çətinləşdirəcəkdi. Raketlər qatarlarla daşınmalı idi, bunun üçün tunellər tikilirdi. Bazanın tikintisinə 1959-cu ilin yayında başlanılıb. İsveçrə maşınları qarı yuxarı atan tunel avadanlığı kimi istifadə olunurdu. Amma Qrenlandiya buzlağında tunellər deyil, 9-10 metr dərinlikdə xəndəklər qazılıb və yuxarıdan dəmir tağlarla örtülmüşdü. 1960-cı ilin oktyabrında “Camp Century”nin tikintisi başa çatdırıldı. Ümumilikdə amerikalılar uzunluğu 3 km olan 21 tunel inşa etmişdilər. Gizli bazada zəruri texniki strukturlardan əlavə mağaza, teatr, kitabxana, camaşırxana, bərbər və hətta kilsə də var idi. Buz altındakı şəhərin ürəyi isə reaktor zalı – “PM-2A” nüvə qurğusu hesab edilirdi. Şəhərə enerj buradan ötürülürdü.
Baza yaxşı düşünülsə də, ABŞ komandanlığı əsas məsələni gözdən qaçırmışdı. Qrenlandiya buzlağı belə bir işğalı necə qəbul edərdi? Bəzi məqamlarda məlum oldu ki, qar və buz kütlələri yerində dayanmır, onlar daim hərəkət edir və bu proses planlaşdırma mərhələsində gözlənildiyindən daha intensiv gedir. Tikinti başa çatdıqdan bir neçə il sonra infrastruktur dağılmağa başladı. Tunellər gücləndirilməli idi. Bazanın saxlanması xərcləri ciddi şəkildə artdı və sonda bazanın bağlanmasına qərar verildi. Amerikalılar raketləri bazaya çatdıra bilmədilər. Amma onlar buz altında 178 ton radioaktiv su, 200 min litrə yaxın dizel yanacağı və 24 milyon litr təmizlənməmiş tullantı suyu qoyub getdilər. Amerkanlar hesab edirdilər ki, Qrenlandiyanın buz təbəqəsi altındakı şəhərcik heç vaxt aşkar edilməyəcək.
2016-cı ildə layihə barədə xəbər tutulanda mütəxəssislər narahat olmağa başladılar. Elm adamları belə qənaətə gəldilər ki, iqlim dəyişikliyi səbəbindən “Camp Century”də qalan bütün radioaktiv tullantılar 21-ci əsrin sonuna qədər əriyən buzlaqların səthinə çıxa bilər. İndi ABŞ hakimiyyəti bu məsələni qapatmaq istəyir. Onlar hələ də Danimarka hökuməti ilə razılığa gəlməyiblər. Hər iki tərəf bunun üçün vəsait ayırmaqdan imtina edir. Maraqlıdır ki, Donald Tramp ikinci dəfə prezident seçiləndə ilk bəyanatı Qrelandiya ilə bağlı idi. Çoxları Trampın bu bəyanatının arxasında nəyin gizləndiyini anlamaqda çətinlik çəksə də, indi hər şey bəlli olur. Deməli, ABŞ Qrelandiyada yarımçıq qalan işini davam etdirmək istəyir.
Vəli Həsənoğlu,
KONKRET.az