“Canlı mallar”, öz soykökünü unudanlar və yollarda ölən minlərlə insan – Afrikada satılan milyonlarla qulun acı taleyibackend

"Canlı mallar", öz soykökünü unudanlar və yollarda ölən minlərlə insan - Afrikada satılan milyonlarla qulun acı taleyi

Əsrlər boyu onlara sadəcə “canlı mal” kimi baxıblar. Bütün ömürləri boyu qeyri-insani şəraitdə yaşayan, istismar edilən insanların ticarəti bəzi işbazlara külli miqdarda xeyir gətirib.

Bəli, söhbət qul ticarətindən gedir. Dünyada quldarlıq dövrü başa çatıqdan sonra Afrikada uzun müddət bu ticarət mövcud olub. Mütəxəssislər hesab edirlər ki, qul ticarəti  “qara qitə”yə xeyli ziyan vurub. Bu sistemin kökünü kəsmək üçün isə bir neçə yüz il üsyanlar və saysız-hesabsız qurbanlar lazım gəlib.

Qədim zamanlarda məcburi əməkdən istifadə ənənəyə çevrilmişdi. Bu işdə əsas rolu oynayan qüvvələr isə qullar hesab olunurdu. Spartak, həm də Siciliyadakı qul üsyanları məğlub olsalar da, onlar insanların isitismarının yolverilməzliyinə qarşı bəşəri dirəniş nümayiş göstərdilər.  Dünya tarixində yeganə uğurlu qul üsyanı 18-ci əsrin sonunda Amerikada – Haiti adasında baş verdi. Amerika koloniyalarına quldarlıq kifayət qədər gec gəlib çatıb. İnsanlığa yaraşmayan bu ticarət müasir Transatlantik ticarət “üçbucağın”da cərəyan edirdi.  Afrikadan Amerikaya qullar, bu qulların istehsal etdiyi kənd təsərrüfatı məhsulları (şəkər, rom, pambıq, qəhvə və tütün) Amerika koloniyalarından Avropaya daşınırdı. İngilis tarixçisi Neil Ferguson o dövrün Britaniya iqtisadiyyatını təsvir edəndə bildirirdi ki, “spirt mahiyyət etibarilə sakitləşdiricidir. Qlükoza, kofein və nikotin 18-ci əsrin insanları üçün müasir amfetaminin ekvivalenti idi. Çay, qəhvə və tütün ingilis cəmiyyəti üçün xüsusi gəlir mənbəyi idi. Deyə bilərik ki, imperiyanın qurulmasına yüksək qlükoza, kofein və nikotinin təsiri olub”.

Bu “qlükoza-kofein və nikotin” yalnız ingilislər üçün deyildi. Haiti adasındakı Saint-Dominge koloniyası Fransız tacının ləl-cəvahiratı sayılırdı. 18-ci əsrdə bu ada Avropada istehlak edilən şəkərin 40%-ni və qəhvənin 60% -ni istehsal edirdi.

 Avropalıların qul ticarətinə görə məsuliyyət daşıdığına dair fikirlər mövcuddur. Ümumiyyətlə, Afrikada uzun müddət quldarlıq mövcud  olub və afrikalı qulların ixracı hələ avropalılar bu bazara gəlməmişdən əvvəl geniş şəkildə həyata keçirilirdi. Müasir hesablamalara görə, səkkiz əsr ərzində (650-ci ildən 1500-cü ilə qədər) ərəblər Aralıq dənizinə 4,5 milyon qul (ildə orta hesabla 5000 nəfər) göndəriblər. Bu dövrdə Ərəbistan, Fars körfəzi və Hindistana daha 2,2 milyon qul daşınıb (ildə orta hesabla 2600 nəfər).

16-cı əsrdən etibarən Amerikanın kəşfi sayəsində qullara tələbat artdı. Buna cavab olaraq Qərbi Afrika dövlətləri – Dahomey Krallığı və Aşanti İmperiyası qonşularına qarşı basqınlarını artırdılar. Tutulan məhbuslar sahilə göndərildi, orada mallarla dəyişdirildi və Avropa gəmilərinə yükləndi. İdxalda təkcə silah deyil, parçalar da üstünlük təşkil edirdi. 1500-cü ildən 1850-ci ilə qədər təxminən 10-11 milyon afrikalı Amerikaya qul kimi göndərilib. (İldə orta hesabla 26-28 min nəfər) Qulların daşınması  zamanı ölüm halı 12-15% təşkil edib.

Eyni zamanda İslam ölkələrinə beş milyona yaxın qul daşınıb. Ərəblər yalnız animistləri və xristianları qul kimi qəbul ediblər. Qul ticarətində cins və yaş önəmli rol oynayıb. Müsəlman ölkələrinə göndərilən qulların üçdə ikisini uşaq və qadınlar, Amerikaya aparılanların üçdə ikisini isə gənclər təşkil edib. Amerikaya daşınan qullar arasında daha çox ölüm halı qeydə alınıb.

“Yeni dünya” ya aparılan qulların ümumi sayından yalnız 4,5%-i Şimali Amerikadakı Britaniya koloniyalarına göndərilmişdi. Karib dənizi adalarına daha çox (43%) qul gəldi. Ancaq 20-ci əsrin ortalarında bu nisbət əsaslı şəkildə dəyişdi. ABŞ və Kanada təxminən üçdə birini, Karib dənizi hövzəsi isə təxminən 20%-ni təşkil edirdi. Bütün qulların təxminən 38%-i Braziliyaya göndərildi və bu ölkə hazırda onların nəsillərinin 36% -ni təşkil edir.

Karib dənizi hövzəsində “şəkər köləliyi” var idi. Burada dözülməz iş şəraiti səbəbindən qullar arasında kütləvi ölüm halları baş verirdi. Bura əsl cəhənnəmi xatırladırdı. Kişiləri bu ərazilərə şəkər qamışı plantasiyalarında və qazanxanalarda işləmək üçün gətirirdilər. Bu sənaye ağır hesab olunduğundan daim yeni işçilər tələb edilirdi.

Braziliyada şəkər plantasiyaları ilə yanaşı, qəhvə və süd məhsulları istehsal olunan ərazilər var idi. Orada köləlik o qədər də çətin deyildi.

Şəkər köləliyi getdikcə daha da dözülməz hal alırdı və çoxlu insan tələf olurdu. Bu da 18-ci əsrdə Haitidəki qul inqilabının müvəffəqiyyətlə başa çatmasına səbəb oldu. Daha sonra üsyanlarda qalib gələn qullar yerli ağ əhalini qırmağa başladılar. Amma onlar istəklərinə nail ola bilmədilər. İndiyə qədər eyniadlı adanın qərb hissəsini (şərq hissəsini 1844-cü ildə ayrılmış Dominikan Respublikası işğal edir) tutan Haiti Respublikası hətta Latın Amerikası standartlarına görə də uğursuz dövlət hesab olunur.

17-ci əsrdə Yamaykanın dağlıq bölgələrində maroons –  Qanadan gətirilən qaçaq qullar meydana çıxdı. İngilislər qaradərili partizanları heç vaxt məğlub edə bilmədilər və 1739-cu ildə onlarla sülh müqaviləsi imzaladılar. Maroons azadlıq və muxtariyyət aldı. Amma müqaviləyə görə  qaçaq qulları ingilislərə təhvil verməyə məcbur oldular. Bununla belə Maroons heç bir dövlət qura bilmədi və sabit qrupda birləşməyi bacarmadı. İndi də onlar dağınıq yaşayış məntəqələridə məskunlaşıb.

Vətəndaş Müharibəsindən əvvəl ABŞ-də beş plantasiya ştatında qulların payı 40-50% təşkil edirdi. Bununla belə, yalnız Missisipi və Cənubi Karolinada qullar ağ əhalidən çox idi. Digər cənub əyalətləri ya plantasiya, ya da əkinçilik əyalətləri idi və orada qulların nisbəti çox da yüksək deyildi. Bütövlükdə cənubda qullar əhalinin üçdə birindən azını təşkil edirdi. Qullara ailə qurmağa icazə verildi. Beləliklə, onların ağaları işçi qüvvəsini “yerində” çoxalda bildilər.

 Şəkər qamışı yalnız Luizianada yetişdirilirdi. Nəticədə yalnız orada qulların ölüm göstəricisi yüksək idi və ora daimi qul axını tələb olunurdu. Şimali Amerikanın qalan hissəsində, 1808-ci ilə qədər demək olar ki, bütün qullar yerli idi. Vətəndaş müharibəsi zamanı onların Afrika ilə bağlı mədəni yaddaşı demək olar ki, yoxa çıxmışdı. Lakin plantasiya iqtisadiyyatının uzun müddət mövcud olduğu Kubada Afrika dili Yoruba hətta 20-ci əsrdə də istifadə olunurdu.

Vətəndaş müharibəsi ərəfəsində ABŞ-nin cənubunda qullar tədricən azad edildi. Azad qaradərililərin nisbəti artdı. Vətəndaş Müharibəsi olmasaydı, köləlik hələ uzun çəkəcəkdi.  Məşhur iqtisadçı, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Fogel (1926-2013) “Çarmıxda vaxt: Amerika zəncisinin quldarlığının iqtisadiyyatı” əsərində sübut etdi ki, pambıqyığan maşın tətbiq olunana qədər cənubda quldarlıq iqtisadi cəhətdən sərfəli idi”.

1807-ci ildə Böyük Britaniyada qul ticarəti qadağan edildi. Onlar “canlı malların satışını zərərsiz olduğu üçün qadağan etdilər. Qul ticarəti və köləliyə qarşı mübarizənin səbəbi əxlaq və din müstəvisində idi.

Xeyli gəlir itirən ingilis tacirləri sabun hazırlamaq üçün Qərbi Afrikada palma yağı tədarükünə başladılar. Beləliklə, sözün həqiqi mənasında qul ticarətindən əldə edilən gəlirlər yuyuldu.

Sub-Sahara Afrikasının (Qərbi və Mərkəzi Sudan) ümumi əhalisində qulların payı 30-50%-ə çatmışdı. İxrac yönümlü kənd təsərrüfatında qullar işlədilirdi. Xurma yağı, fıstıq və pambıq istehsal edildiyi yerlərdə qul əməyindən istifadə edilirdi. 19-cu əsrin sonlarında mədənçiliyin sürətlə genişləndiyi müstəmləkə Afrikasında köləlik faktiki mövcud idi. Qul ticarəti Afrikaya böyük ziyan vurdu. Əhali artımı əhəmiyyətli dərəcədə azaldı. Əksər dövlətlər və tayfalar iqtisadiyyatı inkişaf etdirməkdə, cəmiyyətin müasirləşməsində maraqlı deyildilər. Beləliklə, Afrikada ilk mətbəə çox gec meydana çıxdı. Və bu, Saxaranın cənubunda deyil, 1820-ci ildə Misirdə baş verdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*