Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 5 il ötürbackend

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 5 il ötür

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ardıcıl qələbələrə imza atdı. Bu qələbələrin hər saat, hər saniyə açıqlanacağını gözləyən xalq Prezidentin çıxışını səbirsizliklə gözləyirdi.

KONKRET.az xəbər verir ki, 5 il əvvəl müharibənin 8-ci günündə Ali Baş Komandanın növbəti çıxışı insanlara daha bir sevinci yaşatdı:

“…Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

Bu açıqlama Böyük Qələbəyə gedən yolda şəhərlərin işğalçılardan təmizlənməsi barədə ilk müjdə idi.

Qələbədən əvvəl

Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun həmin vaxt 52 min 604 nəfər əhalisi var idi.

Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi ilə digər işğal bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da üzləşmək mümkündür. İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edilib. Rayonun 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi insanlığa sığmayan vandalizm əməlləri nəticəsində tar-mar olub.

Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub.

27 illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, minlərlə əsgər və zabit Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi təsis edilib və hər il bu tarix təntənəli şəkildə qeyd olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*