Azərbaycan millisinin qazandığı ilk xal yığmaya əlavə güc verəcək.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:
“İnşallah, yaxşı çıxışlarımız çox olar. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Meydanda əsl gücümüzü göstərməyə çalışdıq. Çoxdandır yığmada ruh düşkünlüyü var idi. Bəlkə də, futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarımızda dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnşallah, qazandığımız bu xal yığmaya əlavə güc verəcək”.
O, 1 gün ərzində komandada müəyyən dəyişikliklər edə bildiklərini söyləyib:
“Vaxtımız hədsiz az idi. 1 gün ərzində nə etmək olardısa, onu etdik. Çalışdıq ki, yığmanın psixoloji durumunu qaldıraq. Rəqibi təhlil etmək üçün də vaxtımız məhdud idi. Çalışırdıq ki, rəqibin hücumlarının qarşısını alaq”.
A.Abbasov millini Ukrayna ilə qarşılaşmaya hazırlaşdırmasından danışıb:
“Qısa müddət ərzində yığmaya müvəqqəti baş məşqçi təyin oldum. Bu müddətə qədər sırf öz işimlə məşğul idim və U-21-i Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlayırdım. Ani qərardan sonra “Dağla Arena”da futbolçuların məşqinə qatıldım və onların necə “dağınıq” olduğunun şahidi oldum. İslandiyaya 0:5 hesablı məğlubiyyəti unutdurmağa çalışırdıq. Bundan sonra təcrübəli futbolçularla danışıq apardıq”.
Baş məşqçi əsas yığmaya çalışdırıcı kimi təyin olunmasından bəhs edib:
“AFFA rəhbəliyi ilə danışdıq. 1 gün içərisində kənardan məşqçinin gətirilməsi doğru olmazdı. Biz də yığmanın məşqçiləri olaraq çətin vəziyyətdə millimizə kömək etməyə çalışırıq”.
Qeyd edək ki, Tofiq Bəhramov stadionunda baş tutan Azərbaycan – Ukrayna oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.