Azərbaycanın son yüz ilinin ən görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının bir əsrlik yubileyinə həsr olunur
Azərbaycanın Atatürkü
Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən 3 il sonra İstanbulda fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının ağlına belə gəlmirdi ki, qardaş Türkiyənin sərhədində yerləşən Naxçıvan bölgəsində dünyaya göz açan körpə sonradan müstəqil Azərbaycan dövlətinin qurucusuna, gələcəyin görkəmli siyasi və dövlət xadiminə çevriləcək.
Əslində, sadə ailənin övladı olan Heydər Əliyev bütün fəaliyyəti və uzaqgörənliyi ilə “Heydər Əliyev dövlət yaratmayıb, hakimiyyət yaradıb” kimi axmaq və yanlış fikri ortaya atanları böyük xəyal qırıqlığına uğratdı. Bunu istər Cümhuriyyət, istərsə də Azərbaycanın dövlət müstəqilliyini bərqərar etdiyi dövrlərə ekskurs edərkən çox dəqiq anlayırsan.
Heydər Əliyev 1988-ci ildən başlayan milli-azadlıq mübarizəsinə dəstək verməklə öncə xalq hərəkatını gücləndirdi, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması naminə mühüm işlər həyata keçirdi, ən əsası isə müasir Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi yolunda əvəzsiz və misilsiz xidmətlər göstərdi.
Cümhuriyyət liderlərinin müstəqil Azərbaycan dövləti xəyalını məhz Heydər Əliyev gerçəkləşdirdi. Bununla da ölkəmizin azadlığı və müstəqilliyi yolunda həlak olmuş bütün fədakar şəhidlərimizin və Cümhuriyyət qurucularının ruhunu şad etdi.
Heydər Əliyev öz üzərində inadla çalışması, hədəflərindən yayınmaması, qətiyyətli, əzmkar və prinsipial davranışı sayəsində hələ sovet imperiyası dönəmində heç bir azərbaycanlının ucala bilmədiyi karyera zirvəsini fəth etdi. Onun Azərbaycan rəhbərliyindən Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə və SSRİ hökuməti sədrinin birinci müavini vəzifəsinə yüksəlməsi o zaman misli görünməmiş nailiyyət idi.
Heydər Əliyevə qədər ölkəmiz xalqa bu cür yaxın və doğma münasibət bəsləyən rəhbər görməmişdi. Bütün fəaliyyəti ilə hər addımda Azərbaycanın və azərbaycanlıların böyük təəssübkeşi olduğunu sübut edirdi. Onun səsi təkcə yüksək kürsülərdən və kabinetlərdən gəlmirdi. Rəhbərin ölkədaxili marşrutlarına taxıl zəmiləri, pambıq tarlaları, üzüm bağları, zavod və fabriklər, ali məktəblər, neft mədənləri və digər saysız-hesabsız ünvanlar daxil idi.
Ünsiyyətdə olduğu insanlar arasında elmi çevrələrdən tutmuş sadə peşə adamlarına qədər hər kəs vardı. Böyük toplantıların birində söylədiyi “Qalx ayağa, Fatma, qoy, bütün respublika səni görsün!” kimi doğma xitabı ilə pambıq ustası Fatma Hüseynovanın (sonradan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü) fədakar əməyini hər kəsə tanıdırdı. İlk imtahandan “əla” qiymət almağın sevincini yaşayan yeniyetmə qız auditoriya qarşısında doğma ata kimi onun boynuna sarıla bilirdi.
Mədəniyyətimizin, incəsənətimizin böyük heyranı idi. Xarici qonaqlar qarşısında çıxış edən sənətkarların istedadı ilə qürur duyduğu göz önündəydi. Dünyaca məşhur musiqiçi Mstislav Rostropoviçin qarşısında atası tarzən Ramiz Quliyevlə birlikdə tarda çalan yeniyetmə Əyyub Quliyevin (hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Azərbaycanın əməkdar artisti) ifasını fəxarət hissi ilə izləyirdi.
“Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır” deyən Heydər Əliyev Azərbaycanın bütün istedadlı insanlarının irəliləməsi, onların bəzilərinin sovet imperiyasının caynağından qorunması naminə əlindən gələn hər şeyi edirdi. Azərbaycanın Rusiyaya birləşdirilməsinin könüllü olmadığı fikrini səsləndirən akademik Ziya Bünyadovun cəzalandırılmasının qarşısını aldığı, xalq şairi Bəxtiyar Vahabzadəni repressiyadan necə qoruduğu hər kəsə məlumdur. Ömür yolunda repressiyalardan çəkinməyərək həyatının vacib qərarının qəbulunda qətiyyətli davranış nümayiş etdirmişdi. Gələcək qayınatası, görkəmli dövlət xadimi Əziz Əliyevə qarşı basqıların olduğu dönəmdə, bütün xəbərdarlıqlara baxmayaraq, məhəbbətindən imtina etməmişdi…
SSRİ başçılarının ard-arda vəfat etdikləri dövrdə xarici radio stansiyalarının birinci posta namizədlər arasında Heydər Əliyevin adını çəkməsi düşüncəli insanlarda qürur hissi oyatsa da, bunu rus şovinistləri, onların bəslədikləri xain ermənilər və təəssüf ki, sapı özümüzdən olan ağılsız “balta”lar haqqında demək mümkün deyildi. Və ona qarşı 1986-cı ildən etibarən Mixail Qorbaçovun və onun dəstəsinin başlatdığı yolverilməz davranış xalqımızın təəssübkeşlik hissinə çox toxunurdu. Yalnız düşmənlərimizin sevinə biləcəyi bu ədalətsizlik hətta demokrat kimi qələmə verilən, amma özünü rus çarları kimi aparan, rus hərbçilərinin ermənilərlə birlikdə törətdiyi Xocalı soyqırımına göz yuman, əyyaşlığı, korrupsiyası ilə bütün dünyanın dilinə düşən Boris Yeltsinin dövründə də davam etdi.
Amma Heydər Əliyevi müdafiə edənlər, misilsiz xidmətlərini qiymətləndirənlər də çox idi. Sovet mətbuat orqanlarının bütün basqılarına baxmayaraq, Rafael Hüseynov (Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin indiki direktoru) və ölməz sənətkar Müslüm Maqomayev xalqımızın böyük oğlu Heydər Əliyevin əleyhinə bir söz belə işlətmədilər. Əksinə onun böyük şəxsiyyət kimi varlığını təkzibolunmaz faktlarla sübut etdilər.
Məhz Heydər Əliyev dühası həmin anti-Azərbaycan qüvvələrinin istəyini gözlərində qoydu. Xalqın gücünə arxalanan liderin qalibiyyət yürüşü öncə Naxçıvandan, sonra isə Bakıdan başladı. Böyük siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə möhtəşəm dönüşünə, Azərbaycan dövlətini xilas etməsinə heç bir xarici ölkə mane ola bilmədi.
Ona quyu qazan Mixail Qorbaçov və erməni tör-töküntüləri tarixin zibil qutusuna aşırıldılar…
Heydər Əliyev isə müasir Azərbaycan dövlətini qurmaqla, ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və möhkəmləndirməklə dünyanın ən nüfuzlu siyasətçiləri və dövlət xadimləri arasında özünəməxsus yer aldı. Siyasi varisini yetişdirməklə işğal olunmuş Qarabağın azad edilməsinin bünövrəsini qoydu.
Hadisələrin belə gedişi labüd idi. Çünki həyatı boyu Azərbaycanın ön sıralara çıxması naminə əlindən gələn hər şeyi edirdi. Hələ heç kim sovet imperiyasının dağılacağını düşünmürdü. Amma həmin dövrdə sanki Heydər Əliyev xüsusi fəhmlə və uzaqgörənliklə hərəkət edirdi. Bir tərəfdən Azərbaycanda bütün sahələrin inkişaf etməsinə, digər tərəfdən gənclərimizin SSRİ-nin aparıcı ali məktəblərində təhsil almalarına, imperiyanın müxtəlif ölkələrinə inteqrasiyasına çalışırdı. Həm iqtisadiyyatı, ordu quruculuğunu gücləndirirdi, həm də postsovet ölkələrində gələcək diasporun təməlini qoyurdu.
Onun siyasi fəaliyyətinin nəticələri isə misilsizdir:
- XX əsrin ən güclü dövlət xadimlərindən biri olan Heydər Əliyev ölkəmizi dünyəvi dövlət xətti ilə inkişaf etdirməklə Mustafa Kamal Atatürkün yolunu davam etdirdi;
- Milli məfkurəmizin inkişafına və azərbaycançılıq ideologiyasına sadiq qaldı;
- Sovet dövründə Ermənistanın Qarabağı və Naxçıvanı qoparmaq cəhdlərinin qarşısını aldı;
- Rəhbərliyə ikinci qayıdışı zamanı Azərbaycandakı daxili parçalanmanı, silahlı qruplaşmaları aradan qaldırdı və siyasi hakimiyyəti gücləndirdi;
- Qonşu dövlətlərlə münasibətləri normallaşdırdı;
- Azərbaycanın iqtisadi gücünü artırmaq naminə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu;
- Ermənistanın havadarı İranı “Əsrin müqaviləsi”ndən ustalıqla uzaqlaşdırdı;
- Ermənistanın təcavüzkarlığını, Qarabağın Azərbaycan torpağı olduğunu sübut etmək üçün xarici dövlət başçılarına xəritələrdə tarix və coğrafiya dərsləri keçdi;
- Güclü lobbiyə və havadarlara malik Ermənistanın təcridi siyasətinin əsasını qoydu;
- Azərbaycan, türk və yəhudi diasporlarının dünyada birgə hərəkət etməsinin, Azərbaycanın multikultural və tolerant imicinin formalaşdırılmasının, ölkəmizin haqlı və ədalətli mövqeyinin İsrail, Böyük Britaniya, İtaliya və digər xristian dövlətlər tərəfindən güclü şəkildə dəstəklənməsinin təməlini qoymaqla vaxtilə Azərbaycanı Fələstinlə, Livanla müqayisə edənlərin iddialarını boş çıxardı;
- Türkiyə və Azərbaycan münasibətlərinin “tək millət, iki dövlət” prinsipi ilə inkişafına nail oldu. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyənin “iki dövlət, tək millət, tək ordu, tək diaspor” xətti üzrə bu uğurlu siyasəti davam etdirirlər;
- Azərbaycanın qüdrətli dövlətə çevrilməsi və Qarabağın işğaldan azad edilməsi naminə güclü davamçısını – İlham Əliyevi yetişdirdi;
- Və Qarabağı, o cümlədən Şuşanı erməni işğalından azad etməklə İlham Əliyev atasının vəsiyyətinə əməl etdi.
Bir sözlə, Türkiyənin böyük öndəri Qazi Mustafa Kamal Atatürkdən sonra Heydər Əliyev adı ölkə və dünya tarixinə ikinci türk dövləti olan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi əbədi həkk olundu.
Xatirə SADİQ,
KONKRET.az